Bakı. 15 yanvar. REPORT.AZ/ "Bu il ilk rəsmi səfərimi qardaş ölkə Türkiyəyə etdim, bu da təbiidir, çünki bu, artıq gözəl bir ənənədir".
"Report"un verdiyi xəbərə görə, bunu Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasnın IV iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, bu səfər 2015-ci ildə il görüləcək işləri müzakirə etmək və birgə fəaliyyət planını təsdiqləmək üçün imkan yaradıb: "Bu gün imzalanan birgə bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin ötən dövrü və görüləcək işlər öz əksini tapıb".
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr tarixi köklərə, qardaşlığa əsaslanır və bu gün bu münasibətlər dünyada ən yaxın əlaqələrdir: "Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı, yaxın olan ikinci ölkələr yoxdur və bu birliyi təsdiqləyən bir neçə məqamlar var. Bu məqamlardan biri də Türkiyənin G-20 sammitinə Azərbaycanı dəvət etməsi idi".
Azərbaycan Prezidenti onu da bildirib ki, bu il aprelin 24-də Çanaqqala döyüşünün 100-cü ildönümünü Türkiyə və Azərbaycan birlikdə qeyd edəcək.
Prezident bu tarixin seçilməsinin çox müdrik bir addım olduğunu vurğulayıb. Dövlət başçısı bu tarixin seçilməsinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlıq edib.