Prezident İlham Əliyev: "BTQ-nin tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir"

Prezident İlham Əliyev: "BTQ-nin tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir" "Bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək"
Xarici siyasət
30 Oktyabr , 2017 15:00
Prezident İlham Əliyev: BTQ-nin tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu tarixi, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu, təxminən, 850 kilometrdir, onun da 405 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur"

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, daha sonrakı mərhələdə isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub: "Bir sözlə, bu dəmiryolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi artacaq. Qarşılıqlı sərmayə qoyuluşu da artacaq, bütün bu yoldan istifadə edən ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı turizmin inkişafı geniş vüsət alacaq. Dəmir yolunun fəaliyyəti ölkərimizin geosiyasi əhəmiyyətini artıracaq, bizim üçün əlavə imkanlar yaradacaq. Dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda bağlanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir. Nəhayət, bu gün Azərbaycanda-Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edir, bir-birlərini dəstəkləyirlər. Ölkələrimiz, xalqlarımız, dünya üçün önəmli olan layihələri icra edir. Bakı-Tbilisi-Qars dəmiryolu bu layihələrin arasında xüsusi yer tutmuş layihədir.

Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi Cənub Qaz dəhlizinin 4 layihəsi var: Şahdəniz-2 98 faiz icra edilib, Cənubi Qafqaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir, icra səviyyəsi 99 faizdir, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faizdir, TAP layihəsinin icrası isə 60 faizə yaxındır. Əvvəlki dövrlərdə neft-qaz sahəsində bu nəhəng layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu haqqında yalnız danışa bilərdik. Qeyd etməliyəm ki, bir çoxları, bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar, hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Amma üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Güclü iradə, qarşılıqlı dəstək olan yerdə bütün işləri görmək mümkündür".

Son xəbərlər

Orphus sistemi