Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib

Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib Dövlət başçısı: "Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”
Xarici siyasət
7 İyun , 2016 14:18
Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirib. O, bir neçə gündən sonra Bakıda baş tutacaq “Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Ziqmar Qabriel “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Vitse-kansler Azərbaycanın yüksək nailiyyətlər əldə etdiyini deyib, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb. Azərbaycanda çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri ölkənin üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, iki ölkə arasında fəal siyasi dialoqun aparıldığını bildirib. Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir. 

Dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Dövlət başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğulayıb, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən dövlət başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.

Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran dövlət başçısı bu ay ölkəmizdə “Formula–1” yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini dedi. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirib.

“Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, – deyən dövlət başçısı Azərbaycanda əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra “Knauf” şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışdılar.

Son xəbərlər

Orphus sistemi