Yuxarı

Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib - YENİLƏNİB

İki ölkə arasında hərbi əməkdaşlığın bir çox illərdir uğurla inkişaf etdiyini deyən Prezident bu sahədə əlaqələrin razılıq doğurduğunu bildirib

*** 17:56

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Belarusun müdafiə naziri Andrey Ravkovun başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Belarus müdafiə nazirinin Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayıb. 

İki ölkə arasında hərbi əməkdaşlığın bir çox illərdir uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə əlaqələrin razılıq doğurduğunu bildirib. Dövlət başçısı bunu Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli etimadın göstəricisi, iki ölkəinin iqtisadi, siyasi, hərbi və digər sahələrdə çoxplanlı əməkdaşlığa əsaslanmasının yaxşı təzahürü kimi dəyərləndirib. 

Son illər Belarusdan alınan texnikanın çox yüksək standartlara cavab verdiyini deyən dövlət başçısı bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı danışdıqlarını, azərbaycanlı mütəxəssislərin də bu texnikaların yüksək keyfiyyətindən və etibarlılığından razı qaldıqlarını qeyd edib. Prezident İlham Əliyev bütün bunları Belarusun hərbi-texniki sahədə əldə etdiyi böyük uğurların göstəricisi kimi dəyərləndirib. İki ölkə arasında tarixən əlaqələrin mövcud olduğunu qeyd edən dövlət başçısı əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. 

Prezident İlham Əliyev Azərbaycan beynəlxalq müdafiə sərgisində Belarus hərbi texnikasının nümayiş etdirilməsinin Azərbaycanın bu sahədəki yeniliklərlə tanış olması və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib. Belarus müdafiə nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyən dövlət başçısı səfərin əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. 

Belarus Respublikasının müdafiə naziri Andrey Ravkov deyib: “Mən sizə - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun böyük dostu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm”.

Belarus Respublikasının müdafiə naziri ölkəsinin Prezidentinin daim söylədiyi sözləri xatırlayaraq bildirib ki, Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir, Belarus isə Azərbaycan üçün Avropanın mərkəzində etibarlı dost və dayaq ola biləcək ölkədir. Ölkəsinin çətin bir dövründə Azərbaycanın Belarusa dəstək verdiyini vurğulayan Andrey Ravkov buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

Ölkəmizə səfərinin Azərbaycan üçün əhəmiyyətli bir günə təsadüf etdiyini vurğulayan Andrey Ravkov keçirilən referendumu mühüm hadisə kimi dəyərləndirib.

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi