Yuxarı

​Prezident İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib

“ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, səylərinizin nəticələr verəcəyinə ümidvarıq”

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya doğum günü münasibəti ilə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Azərbaycan ilə Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir.

İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi