Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə birliyi və dostluğu getdikcə daha da möhkəmlənir”

Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə birliyi və dostluğu getdikcə daha da möhkəmlənir” Azərbaycan Prezidenti: “Xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər”
Xarici siyasət
15 İyul , 2016 12:58
Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə birliyi və dostluğu getdikcə daha da möhkəmlənir”

Bakı. 15 iyul. REPORT.AZ/ “Azərbaycan-Türkiyə birliyi və dostluğugetdikcə daha da möhkəmlənir və artıq bir çox sınaqlardan çıxıb. Xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini ilə görüşündə deyib.

Bu yaxınlarda Varşavada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan dövlət başçısı iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib.

İki ölkənin bundan sonra da bir-birinin yanında olacağını deyən Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bu səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə edib.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın salamlarını dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin NATO-nun Varşava Zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğulayıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini deyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan Mövlud Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrin daha sıx şəkildə inkişaf etdiyini deyib.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi