Yuxarı

Prezident İlham Əliyev: “Azərbaycan İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlıdır”

Dövlət başçısı iki ölkə arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Azərbaycan İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edərkən deyib. 

Əvvəlcə Cavad Cahangirzadə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı İ.Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı iki ölkə arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Bunun da öz növbəsində hər iki dövlət başçısının niyyətinin göstəricisi olduğunu vurğulayan Prezident İlham Əliyev İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların önəmini qeyd edib,  Cavad Cahangirzadəyə Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayan dövlət başçısı səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Cavad Cahangirzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdıraraq bildirib ki, Prezident Həsən Ruhani onun ən yaxın dostlarından və qardaşlarından birinin Prezident İlham Əliyev olduğunu deyib. Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyən Cavad Cahangirzadə bunun üçün ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli dəstəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi