Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin etimadnaməsini qəbul edib.
"Report"un məlumatına görə, səfir Aksel Vex fəxri qarovul dəstəsinin qarşısından keçib. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Aksel Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin müvafiq qurumları arasında sıx əlaqələrin mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını deyib. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirib.
Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlət başçısı Avstriya şirkətlərinin bu ölkədə uğurla fəaliyyət göstərdiyini deyib. Prezident İlham Əliyev səfir Aksel Vexin bu ölkədəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilinin etimadnaməsini qəbul edib.
Səfir Mohammad Taqi Xalili fəxri qarovul dəstəsinin qarşısından keçib. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Mohammad Taqi Xalili Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlət başçısına çatdırıb. O bu ölkədəki diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Dövlət başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin bu yaxınlarda ölkəyə səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfər zamanı iki ölkə arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib və bu əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.