Yuxarı
    Bağlamaq

    Avropa Şurası baş katibinin müavini: "Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır" - YENİLƏNİB

    Prezident İlham Əliyev Avropa Şurası baş katibinin müavini ilə görüşüb

    Bakı. 5 may. REPORT.AZ/ Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

    Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan Qabriella Battaini Draqoni bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verməklə ölkəmizin bu sahədə rolunu daha da gücləndirir.

    Bu cür mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirən Qabriella Battaini Draqoni qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi yüksək dəyərin göstəricisidir. “Bakı prosesi” artıq dünyada böyük nüfuz qazanıb”, - deyən Avropa Şurasının rəsmisi təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələri daha da möhkəmləndirmək istədiklərini deyib. Qabriella Battaini Draqoni vurğulayıb ki, Azərbaycan Avropa Şurasının çox mühüm üzvlərindən biridir və Azərbaycan ilə əməkdaşlıq bizim üçün çox faydalıdır.

    Avropa Şurası ilə əməkdaşlığın ölkəmiz üçün də faydalı olduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan bu əlaqələrə böyük əhəmiyyət verir. Dövlət başçısı dedi ki, müəyyən məsələlərdə biz də bu əməkdaşlıqdan faydalanırıq və ona görə bu əlaqələrin inkişafına əhəmiyyət veririk. Biz Avropa Şurası ilə konstruktiv əməkdaşlığı davam etdirmək istəyirik.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan demokratik, dünyəvi, müasir dövlət qurur və bununla bağlı bütün tədbirləri həyata keçirir. Azərbaycanda bütün azadlıqlar, o cümlədən siyasi, ifadə, sərbəst toplaşma, mətbuat və internet azadlıqları hərtərəfli təmin edilib.

    Dövlət başçısı deyib ki, Azərbaycan təkcə Avropa Şurası ilə deyil, eyni zamanda, Avropa İttifaqı, NATO ilə, həmçinin digər Avropa və beynəlxalq strukturlarla da əməkdaşlıq edir.

    Söhbət zamanı qarşılıqlı etimadın təmin olunması ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyi bildirilib.

    *** saat 17:00

    Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini Draqoni ilə görüşüb.

    "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi