Bakı. 3 fevral. REPORT.AZ/ “Bakı-Tbilisi-Qars, TANAP və digər irimiqyaslı layihələr Cənubi Qafqaz regionunun inkişafında mühüm rol oynayır”.
“Report” xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili fevralın 3-də parlamentdəki çıxışında söyləyib.
“Azərbaycanın və Gürcüstanın təşəbbüsü ilə regionda reallaşan layihələr təkcə bizim region üçün deyil, bütövlükdə Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Gürcüstan hökuməti hazırda reallaşdırılan digər məsələlərin tez bir zamanda həll olunması üçün məqsədyönlü işlər görür, bu istiqamətdə konkret layihələr hazırlayıb. İnanırıq ki, biz səylərimizi birləşdirərək xalqlarımızın rifahı naminə daha böyük işlər görəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.
Parlamentin iclasında baş naziri Giorgi Kvirikaşvili, hökumətin üzvləri və 107 deputat iştirak edir.
İclasa həmçinin diplomatik korpus nümayəndələri də qatılıb. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov da iştirak edir.