Poltava qubernatoru: “Azərbaycanın Ukraynaya münasibətini çox yüksək qiymətləndiririk”

Poltava qubernatoru: “Azərbaycanın Ukraynaya münasibətini çox yüksək qiymətləndiririk” "Azərbaycan Ukraynaya, onun suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə dəstəyini rəsmən bəyan edən ilk dövlətlərdən biri olub"
Xarici siyasət
137
26 May , 2021 10:03
Poltava qubernatoru: “Azərbaycanın Ukraynaya münasibətini çox yüksək qiymətləndiririk”
Oleq Sinequbov

Ukraynanın Poltava vilayətinin qubernatoru Oleq Sinequbovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:

- Azərbaycan və Ukrayna regionları arasında əlaqələrin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var?

- Azərbaycanla ticarət dövriyyəsi 220 milyon ABŞ dollarını ötür, özü də 2020-ci ildə isə biz təxminən 215 milyon ABŞ dolları dəyərində mal idxal etmişik. Bu isə, pandemiyanı nəzərə alsaq, iqtisadi baxımdan olduqca çətin bir ildir. Buna baxmayaraq, göstəricilər belədir. Azərbaycana təxminən 6,5 milyon ABŞ dolları dəyərində mal ixrac edirik və bunlar ağır sənaye, neft məhsullarıdır, vaqonqayırma texnikası, teplovozlar, yüngül sənaye, qida məhsullarıdır. Məsələn, Kremençuk müəssisələri Azərbaycanın iqtisadi cəhətdən müsbət bazarına daxil olmaq və məhsullarını təklif etməkdə maraqlıdırlar.

Poltava vilayəti, şərti desək, üç balina üzərində yerləşən ərazidir. Biz aqrar vilayətik. Məhsullarını Azərbaycana ixrac etməyə hazır olan süd müəssisələrimiz var. Həmçinin neft emalı zavodumuz da var.

Vəzifəmiz düzgün investisiya mühiti yaratmaqdır.

- Azərbaycan, region ilə bağlı hansısa plan və ya layihə varmı?

- Sənaye sahələrimiz var, yəni burada sərmayə qoymaq, hansısa müəssisələrin nümayəndəliklərini tikmək və s. olar. Sizə konkret misal - SOCAR-ın son müraciətini göstərim. SOCAR indi ölkəmizdə çox inkişaf edib, infrastruktur qurulur. Dovjanskdakı M03 Kiyev-Xarkov magistral yolu ölkəmizin əsas nəqliyyat arteriyalarından biridir, üstəlik, ölkənin müstəqillik qazandığı gündən bəri ən yeni texnologiyalardan istifadə edilərək betondan inşa edilən ilk avtomobil yolu olan Kiyev-Reşetilovka-Dnepr yolu, yəni M31 şossesi bizim hayveyimizdir. O yolda həqiqətən SOCAR-ın yanacaqdoldurma məntəqələrinin açılmasını istəyirik. Artıq bu məntəqələr üçün bir neçə potensial torpaq sahələrini nəzərdən keçiririk. Çünki bu fəlsəfə bizə çox yaxındır: bu yanacaqdoldurma məntəqələri müasirdir, tamamilə bütün müasir Avropa və dünya standartlarına cavab verir. İkincisi, keyfiyyətli yanacaqları var. Bu, çox vacibdir, çünki indi həm hökumət, həm də prezident qanunsuz yanacaq istehsalı və satışı ilə mübarizə aparmaq üçün hüquq-mühafizə orqanları qarşısında vəzifə qoyub.

Bizdə həmçinin yüksək texnologiyalı süd emalı zavodları da var.

Əməkdaşlıq edə, dəyirmi masalar keçirə bilərik, bunu onlayn edə bilərik, çünki koronavirus bizə onlayn işləməyi öyrədib. Səfərlər mümkün olsa da, buraya gəlmək mütləq deyil. Əməkdaşlığımızı davam etdirməyə və münasibətlərimizi daha da inkişaf etdirməyə hazırıq.

- Ukrayna Azərbaycanı strateji tərəfdaş ölkələr siyahısına daxil edib və bu, iki ölkənin regionları arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar açıb.

- Bu, çox vacib sənəddir. Ukrayna Prezidenti milli təhlükəsizlik strategiyasını elan etdi və qəbul etdi, buna uyğun olaraq əlaqələrimizi inkişaf etdirməli olduğumuz beş əsas strateji ortağımız var. Azərbaycanın həm dünyanın siyasi arenasında, həm də sahib olduğumuz biznes münasibətlərdə və əlaqələrdə Ukraynaya, o cümlədən Poltava vilayətinə qarşı münasibətini və mövqeyini çox yüksək qiymətləndiririk. Bu, həqiqətən çox vacibdir.

Artıq rəsmən strateji tərəfdaşımız olan ölkə ilə münasibətlərimizi inkişaf etdirməliyik. Təcrübədə nə nəzərdə tutulur? Həm vergiyə cəlb olunmada, həm də birgə azad iqtisadi zonaların yaradılmasında müəyyən güzəştlər. Həmçinin yeni iş yerləri, yeni məhsullar yaratsınlar və həqiqətən daha rəqabətli olsunlar deyə birləşmək yolu ilə şirkətlərimizə, biznesimizə təklif edə biləcəyimiz bir sıra üstünlüklər. Burada vergi dərəcələrinin azaldılması, vergi ödənişinin zamanı ilə bağlı güzəştlər məsələləri var. Ancaq biz biznesi qurub bu cür imkanların olduğunu nümayiş etdirməliyik.

- Poltava vilayətində koronavirusla bağlı vəziyyət necədir? Pandemiya iqtisadiyyata nə qədər ziyan vurub?

- 2020-ci il koronavirusun yayılması səbəbindən çox çətin il oldu. Yaşadığımız vəziyyəti xatırlayıram. Bütün dünya bu pandemiyaya hazır deyildi. Pandemiyanın başlanğıcında vilayətimizdə süni nəfəs aparatlı 450 yataq var idi. Bu gün isə bu say 2 500-dən çoxdur. Biz xəstəxanaları, onun içərisindəki şöbələri yeni avandanlıqlarla təchiz etdik, yeni xəstəxanalar tikirik. Keçən il vilayətdə yeni ürək xəstəlikləri mərkəzi tikdik, bu il vərəm dispanserini tamamladıq - bu da tamamilə yeni kompleksin yoluxucu xəstəliklər xəstəxanasının bir hissəsidir. Başqa sözlə, tibbə tam fərqli tərəfdən baxdıq. Yerli iqtisadiyyata dəyən ziyana gəlincə, bunu qriven ilə deyəcəyəm. Vilayətin büdcəsi 4,6 milyard qriven təşkil edir. Büdcəyə keçən ilin nəticələrinə görə, 120-150 milyon qriven az vəsait daxil olub. Ümumilikdə büdcə ilə müqayisədə məbləğ azdır, ancaq bu, məktəblərin, uşaq bağçalarının, yolların tikintisinə xərclənməli olan puldur. Məsələn, bu pula 10 yeni məktəb, yeni uşaq bağçası tikmək olardı.

Vilayətimiz kifayət qədər spesifikdir. Birincisi, artıq yuxarıda dediyim kimi, aqrardır. İkincisi, neft və qaz hasilatı ilə bağlı sahədir. Ukrayna neftinin 10%-ni istehsal edirik. Qaz da hasil olunur, qaz kondensatı ilə birlikdə 60%-ə bərabərdir. Bundan əlavə, ehtiyatlar baxımından vilayətimiz birinci yerdədir. Bu da əməkdaşlıq edə biləcəyimiz sahədir. Çünki sizin bu sahədə inilliklərlə hesablanan zəngin təcrübəniz var.

2021-ci ili götürsək, indi artımla gedirik. Koronavirusla mübarizə aparmağı, koronavirusla yaşamağı öyrəndik. Buna baxmayaraq, vilayətin tam bağlandığı, epidemioloji təhlükənin “qırmızı” səviyyəsinin elan edildiyi, müəssisələrin, ictimai iaşə sisteminin işləmədiyi, ictimai nəqliyyatın isə yalnız buraxılışlarla işlədiyi anlar olub.

İndi bizdə koronavirusun yayılma səviyyəsi kifayət qədər azalıb. Pik nöqtədə hər gün 600-800 nəfər yoluxub, 200-300 nəfər sağalırdısa, yəni mənfi dinamika müşahidə olunurdusa, indi 100-200 yeni xəstə qeydə alınır, əvəzində 300-dən 1 000-ə və ya 1 500 nəfərə qədər şəxs sağalır. Hazırda vilayətimizdə təxminən 8 min aktiv xəstə var.

- Ukrayna bu gün müharibənin getdiyi, yalnız ukraynalıların özlərinin deyil, etnik azlıqların da birləşməsinə ehtiyac duyulduğu dövrdə yaşayır. Ukraynada çox sayda azərbaycanlı gənc yaşayır. Bu gəncləri Ukrayna həqiqəti ətrafında səfərbər etmək, onların Ukraynanı dəstəkləməsini təmin etmək üçün planınız varmı?

- Ukrayna milləti var, bu, birincisi. İkincisi, burada yaşayan bütün xalqlara hörmət etməliyik. Ukrayna həqiqətən çoxmillətli dövlətdir, əminəm ki, dil ilə bağlı məsələlərdə yaranan gərginlik tam süni xarakterlidir, bunlar burada yaşayan xalqlar arasında əslində mövcud olan əhval-ruhiyyə ilə heç bir əlaqəsi olmayan siyasi manipulyasiyalardır.

Mən Azərbaycan tarixini, Xocalıda törədilən və təbii ki, unudulması mümkün olmayan dəhşətli faciəni bilirəm. Bu cür nümunələr haqqında uşaqlarımıza danışmalıyıq ki, bir daha belə faciə təkrarlanmasın. Bir daha baş verməməlidir. Bütün bu milli-vətənpərvərlik ruhunda tərbiyə məktəblərdən ali təhsil müəssisələrinə qədər davam etməli və dövlət proqramlarına daxil edilməlidir. Biz qətiliklə bunun tərəfdarıyıq, bu, bizim yolumuzdur. Ukrayna xalqı olaraq da etnik azərbaycanlıları dəstəkləməliyik. Bizdə çox sayda azərbaycanlı yaşayır və onlar özlərini Ukraynanın vətənpərvərləri hesab edirlər, o cümlədən bizi dəstəkləyirlər.

Azərbaycan Ukraynaya, onun suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə dəstəyini rəsmən bəyan edən ilk dövlətlərdən biri olub. MDB dövlətlərini nəzərdə tuturam. Bu, çox vacibdir. Bunun əslində nə qədər güclü addım olduğunu başa düşürük.

Son xəbərlər

Orphus sistemi