Yuxarı
    Bağlamaq

    Polşa baş nazirinin müavini: "Azərbaycanın Avropa enerji bazarında rolu getdikcə artır" - MÜSAHİBƏ

    Azərbaycanın ərazi bütövlüyü mühüm strateji məsələ hesab olunur

    Bakı. 14 dekabr. REPORT.AZ/ Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin "Report"a müsahibəsi.

    - Polşa və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

    - Bizim ikitərəfli münasibətlərimiz müxtəlif səviyyələrdə çox uğurludur.

    Əlbəttə ki, xüsusi diqqət iqtisadi əməkdaşlığa ayrılıb. Biz iki ölkə arasında ticarət və sərmayələrin həcmini artırmaq istəyirik. Xatırladım ki, 2013-cü ildə Polşanın Azərbaycanla əmtəə dövriyyəsi 153,3 mln. ABŞ dolları təşkil edib, bu da 2012-ci ildəki göstəricidən 20,6% çoxdur. Bu dövrdə ixracat 8,6% artıb və 133,4 mln. dollar həcminə çatıb, Azərbaycandan idxal isə 4,5 dəfə artaraq 19,9 mln. ABŞ dollarına çatıb. Bu il biz Polşa mallarının Azərbaycan bazarına ixracatının artırılması tendensiyasını dəstəkləyirik. Bu göstəricinin artımı yanvar-sentyabr aylarındakı dövrdə təxminən 17% təşkil edib. 

    Azərbaycana əsasən elektrik, kimya sənayesi, metallurgiya məhsulları, taxta və keramika ixrac olunur. Polşa və Azərbaycan iqtisadiyyatındakı müsbət tendensiyalar həmçinin iki ölkə arasında sərmayə əməkdaşlığı üçün zəmin yaradır. Bu məsələlərin həyata keçirilməsi üçün müsbət amil Sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi haqqında və ya İkiqat vergiyə yol verməmək haqqında Müqavilədir. Mənim Bakıya səfərim zamanı VI iclası keçiriləcək Azərbaycan-Polşa Hökumətlərarası Komissiyası ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri haqqında dialoq üçün mühüm platforma və əməkdaşlığın fəallaşdırılması üzrə önəmli tədbirdir. 

    - Polşa Azərbaycanla hansı əməkdaşlıq sahələrinin inkişaf etdirilməsində maraqlıdır?

    - Qeyd etdiyim kimi, ölkələrimiz arasında münasibətlərimiz bütün sahələrdə yaxşı inkişaf edir. Onlardan biri elm və təhsil sahəsidir, Polşa universitetləri və məktəbləri Azərbaycan gəncləri üçün geniş imkanlar təqdim edir. 

    Buna baxmayaraq, biz hesab edirik ki, bu əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Bizim ölkənin müasirləşdirilməsi sahəsində böyük təcrübəmiz var və biz öz tərəfdaşlarımızla həmin təcrübəni bölüşməyə hazırıq. Biz müvafiq ikitərəfli mexanizmlər yaratmışıq və hər zaman tərəfdaşlarımızın sorğusuna cavab verməyə hazırıq. 

    Biz həmçinin konsultasiya sahəsində ikitərfli əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin, eləcə də hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə ikitərəfli görüşlərinin zəruri olduğunu hesab edirik. Həqiqətən də onlar ticarətin və qarşılıqlı sərmayələrin inkişafı üçün uğurla tətbiq olunurlar. 

    Biz artıq mənfəətli iqtisadi əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən etmişik. Azərbaycan hökuməti enerji sektorundan savayı başqa sahələrin inkişafına yönəlmiş strateji işlər görür. Məhz bu imkanlar məni Azərbaycanda müşayiət edəcək polşalı iş adamlarına Sumqayıtda sənaye parkı ilə tanışlıq zamanı təqdim olunacaq.  

    Gələcək əməkdaşlıq üçün perspektivləri biz ilk növbədə kənd təsərrüfatı, qida sənayesi, o cümlədən aqrar-ərzaq sənayesinin göndərilməsi məsələlərində görürük. Məhsulların göndərilməsi Polşa ixracatının mühüm aktividir və bu sahədə Polşa və Azərbaycan rəqib deyil, onlar bir-birini tamamlayır. 

    Əməkdaşlıq üçün daha bir nəqliyyat sahəsi, yolların və dəmir yollarının tikintisi, o cümlədən dəmir yolu nəqliyyat vasitələrinin göndərilməsi ola bilər. Polşa şirkətləri alternativ enerji mənbələri, o cümlədən külək enerjisi, təmizləyici qurğuların tikintisi, təhlükəli tullantıların işlənməsi, suyun təmizlənməsi, torpağın təmizlənməsi sahəsində əməkdaşlıqlarını təklif edir. Bundan başqa, Polşa şirkətləri həmçinin məişət texnikası, kosmetik əczaçılıq məhsulları və geyim, IT xidmətləri sahələrində Azərbaycan bazarı ilə əməkdaşlıqda maraqlırdılar. 

    Polşa enerji şirkətləri neft emalı sahəsində böyük iş təcrübəsinə malikdirlər və bu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməyə hazırdırlar. Bizim əməkdaşlığımızın müəyyən ənənələri var. Məsələn, polşalı mühəndis Pototski Xəzər dənizinin dibindən xam neftin hasilatı üzrə ilk mütəxəssislərdən biri olub. 

    Biz həmçinin Azərbaycan sərmayə şirkətlərinin Polşada daha fəal iştirakı və onların Avropa İttifaqı bazarına daha geniş çıxışı ilə maraqlanırıq. 

    Sözsüz ki, potensial əməkdaşlıq üçün bir çox başqa sahələr də mövcuddur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması onun inkişafında müsbət rol oynayacaq. Biz artıq Polşanın təşkilata qoşulması təcrübəsini bölüşmüşk və bundan sonra da Azərbaycanı bu istiqamətdə dəstəkləməyə hazırıq. 

    Polşa və Azərbaycanın sabit makroiqtisadi iqtisadiyyatları ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün zəmindir. Həmçinin qeyd etmək lazımdır ki, Bakıda Birinci Olimpiya Oyunlarının təşkil olunması Polşa və Azərbaycan şirkətlərinin iqtisadi əməkdaşlığı üçün əlavə imkanlar yaradacaq. 

    - Qərb və Rusiya arasında ziddiyyətlərin (fikir ayrılıqlarının) olmasını nəzərə alaraq, Polşa öz malları üçün Azərbaycanı alternativ bazar qismində düşünürmü?

    - Ukrayna-Rusiya münaqişəsi Polşa iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir. Rusiya və Ukraynadakı böhranlar bu ölkələrlə ticarət əməkdaşlığında özünü göstərir, bu da rubl və qrivnanın devalvasiyasında ifadə olunur

    Bu amillər Polşa şirkətlərinin xarici bazara, o cümlədən Azərbaycan bazarına marağının artmasına gətirib çıxarır. Polşa şirkətlərini dəstəkləmək və yeni ixracat bazarlarına çıxmaq üçün İqtisadiyyat Nazirliyi "Hədəf bazarlarında ixracın fəallaşması"nın inkişafı üzrə proqram qəbul edib. Həmin proqram həmçinin Azərbaycanda da həyata keçiriləcək. Burada biz tikinti sahəsində əməkdaşlıq üçün imkanları genişləndirməyi planlaşdırırq. Bu proqram çərçivəsində gələn il Bakıda bu sahənin inkişafına kömək etmək məqsədilə konfrans təşkil olunacaq, eləcə də Azərbaycandan potensial tərəfdaş və jurnalistlər üçün Polşaya iki səfər həyata keçiriləcək. Bu missiyalara Polşa şirkətlərinə, xüsusi iqtisadi zonaya ziyarət, iş görüşləri, sənaye ilə bağlı yarmarka və sərgilər ziyarətə daxil olacaq. Biz həmçinin Azərbaycandakı biznes jurnallarında "Polşada istehsal olunub" reklam kampaniyasını keçirməyi planlaşdırırıq.  

    - Polşa Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: Siz TANAP və TAP kimi layihələri necə qiymətləndirirsiniz?

    - Azərbaycan Avropa enerji bazarında mühüm rol oynayır. Zəngin enerji resursları, o cümlədən təbii qaz yataqları onu Avropa İttifaqında həmin xammalın mühüm və perspektiv ixracatçısına çevirir. Nabucco-West qazın "Şahdəniz" konsorsiumundan daha çox Mərkəzi və Şərqi Avropaya ixracı üçün geniş imkanların yaratmasına baxmayaraq, Polşa qazın Xəzər dənizindən alınma imkanlarına maraq göstərir. Region idxalının potensialı böyükdür. Mərkəzi və Şərqi Avropada qaz bazarı əvvəlki kimi diversifikasiyaya ehtiyac duyur. 

    Bizim Azərbaycanla əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir, xüsusilə də formalaşmaqda olan Aİ ümumi enerji bazarı kontekstində.

    - Sizin Bakıya səfəriniz çərçivəsində hansı məsələlər müzakirə olunacaq? Səfər zamanı sənədlərin imzalanması nəzərdə tutulub?

    - Bakıya səfərim zamanı mən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının VI iclasında, eləcə də Azərbaycanla əməkdaşlıqda maraqlı olan 40-dan artıq polşalı iş adamının da qatılacağı biznes forumda iştirak edəcəyəm. İclasın gündəliyi aqrar sektor, nəqliyyat, energetika, turizm, bank və maliyyə sektoru, mədəniyyət və elm sahələrində əməkdaşlığa dair çoxsaylı məsələləri əhatə edir. 

    Biz ümid edirik ki, səfər zamanı kommersiya təşkilatları arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq. Hazırda əlaqədar şirkətlərlə danışıqlar aparılır.

    - Avropa İttifaqı çərçivəsində Polşanın aktiv rolunu nəzərə alaraq, ölkəniz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərdə hansı rolu oynaya bilər? 

    - Nəqliyyat yolları və regionda qonşu ölkələr üçün maraq kəsb edən sahələrin kəsişməsində yerləşən Azərbaycan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin mühüm elementidir. Bu səbəbdən Azərbaycanın ərazi bütövlüyü strateji mühüm məsələ hesab olunur. Polşanın bilavasitə yaxınlığında sərhədlərin möhkəmliyi tarixi kompromisə və bütün qonşu ölkələr arasında çətin barışıq prosesinə əsaslanır. Beləliklə, biz qonşu ölkələr arasında bütün mübahisələrin kompromis əsasında sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi