“Gürcüstanda mövcud münaqişənin həlli prosesində Azərbaycanın iştirak perspektivləri hələ tükənməyib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün dünya ictimaiyyətində Azərbaycanın mövqeyi və sözü mühüm əhəmiyyət kəsb edir: “Hesab edirəm ki, Azərbaycan Gürcüstandakı münaqişənin həlli prosesində daha fəal rol oynaya bilər. Bu gün Azərbaycan dünyada çox vacib yer tutur, beynəlxalq münasibətlərdə nüfuzu gündən-günə artır. Azərbaycan əsas geosiyasi oyunçularla münasibətlərdə müstəqil siyasət aparır”.
Q.Marxuliya həmçinin qeyd edib ki, bu gün Azərbaycanın tərəqqisi ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin nəticəsidir: “O, 1993-cü ildə Azərbaycan dövlətini çox çətin dövrdə xilas edib. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, gürcü xalqının da milli lideridir, belə ki o, xalqlarımız arasında möhkəm qardaşlıq münasibətlərinin əsasını qoyub və bu əlaqlərin inkişafında misilsiz xidmətlər göstərib”.
Tarixçi söyləyib ki, Azərbaycanın təşəbbüsü ilə regionda yeni mühüm infrastruktur layihələr həyata keçirilir: “Yeni tranzit marşrutlarının açılması ilə həm region, həm də Azərbaycan üçün böyük iqtisadi faydalar əldə ediləcək. Azərbaycan iqtisadi gücünün hesabına işğaldan azad etdiyi ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Mən həmin ərazilərdə və Şuşanı ziyarət etmişəm. Azərbaycanın bu gözəl guşəsinin bərpası və yenidən qurulmasının tempi məni olduqca təəccübləndirib”.