Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.
"Report" TASS-a istinadən xəbər verir ki, onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib.
Seçkilər bu ilin payızında keçiriləcək.
YUNESKO-da Azərbaycan missiyasına rəhbərlik edən səfir Anar Kərimovun sözlərinə görə, namizədin tərcümeyi-halı və arayışı artıq İdarə Şurasına təqdim edilib. Azərbaycanın namizədi memorandumunda növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz görüşlərini açıqlayıb.
Qeyd edək ki, seçkilər 2009-cu ildə baş direktor vəzifəsinə seçilən, 2013-ci ildə isə yenidən seçilən İrina Bokovanın səlahiyyətlərinin başa çatması ilə əlaqədar keçiriləcək. O, Şərqi Avropa ölkələrindən ümümdünya təşkilatında rəhbər olan ilk şəxs kimi seçilib. YUNESKO-nun qaydalarına görə, ali vəzifəli şəxs iki dəfədən artıq seçilə bilməz.
Hazırda Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışır.