Yuxarı
    Bağlamaq

    Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili: "Bizdə Azərbaycanı maraqlandıracaq məhsullar var" - MÜSAHİBƏ

    Perunun Azərbaycandakı səfirliyi tezliklə konsulluq xidməti açacaq© Report.az

    Bakı. 2 avqust. REPORT.AZ/ Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrininin "Report" agentliyinə müsahibəsi:

    - Bakıda Peru səfirliyi yaxın vaxtlarda açılıb. Özünüz və əvvəlki təyinatlarınız haqqında daha ətraflı məlumat verərdiniz...

    - Otuz ildir Perunun xarici siyasət strukturunda çalışıram. Azərbaycanda fəaliyyətə başlamamışdan əvvəl Rusiya, Cənubi Afrika və son olaraq Vaşinqtonda çalışmışam.

    Azərbaycanda 5 il işləməyi planlaşdırıram, belə ki, bu, xaricdə xidmət dövrü baxımından adi müddətdir. Düşünürəm ki, burada qaldığım bütün dövr xoşuma gələcək. Ümid edirəm ki, mənim vaxtım tamam olandan sonra Bakıda məni səfir əvəz edəcək. Bu, görəcəyim işlərdən, bura daha yüksək ranqlı diplomatın gəlməsinin və əməkdaşlığımızı daha da irəli aparmasının zəruriliyini göstərəcək mühiti yaratmağımdan asılıdır.

    Peru da belə xoş insanların yaşadığı Azərbaycan kimi bütün mənalarda xüsusi ölkədir. Peru Cənubi Amerikada, Azərbaycandan olduqca uzaqda yerləşir. Perunun tarixi 5 min əvvələ gedir və ölkə Cənubi Amerikada sivilizasiyanın beşiyi hesab olunur. Biz həm də İspaniya, İtaliya, Çin və Yaponiyanın təsirinə məruz qalmış zəngin mədəniyyət inkişaf etdirmişik. Sözün əsl mənasında "qaynar qazan"ıq, lakin milli özünüanlayışımız da var. Perunu ziyarət etmək imkanınız olsa, küçələrdə bunu özünüz görəcəksiniz.

    - Peru və Azərbaycan xalqları arasında nə kimi oxşarlıqlar tapmısınız? Azərbaycan haqqında təəssüratınız necədir?

    - İlk dəfə bura gələndə Azərbaycan xalqının çox mehriban olduğunu hiss etdim. Onlar qonaqpərvərliyi hiss etdirmək üçün sənə kömək etmək istəyirlər. Biz - perulular da ölkəmizə gələn insanları belə qarşılayırıq. Burada özümü təhlükəsiz hiss edirəm. Kimdənsə nəsə istəsəniz, o, yardım məqsədi ilə hər şeyi edəcək. Bundan başqa, Azərbaycan Şərqlə Qərb arasında körpü kimi xidmət etməklə imtiyazlı mövqeyə malikdir. Buna görə də bu region haqqında oxuduqca Azərbaycan haqqında daha çox şey öyrənirəm.

    - Təyinatınızda məqsədləriniz nədən ibarətdir?

    - Peru səfirliyi yaxınlarda açılıb, ona görə də sonradan bəhrəsini verə biləcək çoxlu sahələr var. Siyasi əməkdaşlıq çərçivəsindən kənara çıxmaq və bundan sonra iqtisadi əlaqələr qurmağa cəhd etmək, onlara maddi əsas vermək lazımdır. Bu baxımdan ticarət və investisiya sahələrini təşviq etməyə çalışırıq. Ölkələrimiz güclü iqtisadiyyata, güclü ticarətə malikdir. Ona görə də səfirliyimizin fəaliyyətində iqtisadiyyata daha çox diqqət ayırmaq niyyətindəyik.

    - Ölkələrimiz arasındakı siyasi və iqtisadi əməkdaşlığın səviyyəsini ümumilikdə necə qiymətləndirirsiniz? İki ölkə arasında ticarət varmı?

    - Hazırda ticarət dövriyyəsi çox azdır. Keçən il ticarət dövriyyəsi təxminən 5000 dollar təşkil edib. Lakin bu, mənfi bir şey deyil. Bizdə Azərbaycanı maraqlandıracaq məhsullar var. Bizim səfirliyimiz var, sizin də Peruda səfirliyiniz var və biz əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək üçün çalışırıq.

    - Peru aparıcı turistik ölkələrdən biridir. Bu günə qədər neçə azərbaycanlı turist ölkənizə səfər edib?

    - Hazırda belələri azdır. Vətəndaşlarınıza ayda 4-5 viza veririk. İşin çətin tərəfi ondadır ki, Peruya qısa müddətə viza almaq elə də asan deyil. Tezliklə səfirlik konsulluq xidməti açacaq və oradan vizaları asanlıqla almaq olacaq. Beş iş günü ərzində vizanı hazır edəcəyik və azərbaycanlılar viza üçün pasportlarını Türkiyəyə göndərməyə ehtiyac duymayacaq. Amma ortamüddətli perspektivdə Perunun artıq Azərbaycan vətəndaşlarından viza tələb etməyəcəyinə ümidvaram.

    - Ölkənin coğrafi uzaqlığı ilə əlaqədar Peru mədəniyyəti Azərbaycanda elə də yaxşı bilinmir. Bakıda mədəni tədbirlər keçirmək niyyətiniz varmı?

    - İşlədyimi bütün əvvəlki səfirliklərdə ictimai diplomatiya sahəsində çalışmışam. Bilirəm ki, mədəniyyət insanları yaxınlaşdırmaq, bir araya gətirmək üçün vasitədir. Mən bura gələndə çoxlarının latın musiqisi dinlədiyini gördüm və bu məni çox sevindirdi. Mən ilin sonunda Parisə səfər edəcək aşbaz ilə əlaqə saxlamışam, onun Bakıya səfərini planlaşdırır və Peru mətbəxi və yemək festivalı həftəsinin proqramını hazırlayırıq. Bu tədbirlər Peruya olan marağı daha çox artıracaq.

    - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Perunun mövqeyi necədir?

    - Peruda bu il iyul ayının əvvəlində baş verən hadisələrə görə olduqca kədərlidirlər və biz bu cür insidentlərin bir daha təkrarlanmayacağına ümid edirik. Peru hər bir mübahisəli məsələnin sülh yolu ilə, beynəlxalq hüquq əsasında həll edilməli olduğuna inanır. Bu prinsiplər xarici siyasətimizdə də var və onlar bizə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyə kömək edib. Biz bütün mübahisələrin sülh yolu ilə həll olunacağını gözləyirik. Dövlətlər beynəlxalq hüquqa və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməlidirlər. Peru ölkələr arasındakı münasibətlərdə gücdən istifadəyə qarşıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi