Yuxarı

​Parlament sədri: “Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Avropaya inteqrasiyadır”

Milli Məclisin sədri Almaniya Bundestaqında Xristian Demokratik İttifaqı fraksiyasının sədr müavinini qəbul edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Bundestaqında Xristian Demokratik İttifaqı (XDİ) – Xristian Sosialist İttifaqı (XSİ) fraksiyasının sədr müavini, deputat Andreas Şokenhoffu qəbul edib.

Milli Məclisdən Report-a verilən məlumata görə, görüşdə parlament sədri O.Əsədov Azərbaycanın Almaniya ilə əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb. O qeyd edib ki, iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu baxımdan Avropa Birliyinə daxil olan ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün biz AŞPA və digər nüfuzlu qurumlar çərçivəsində sıx əməkdaşlıq edirik. Avronest çərçivəsində əlaqələrimizin davamlı inkişafı da bu məqsədə xidmət edir”.

Almaniyalı deputat Andreas Şokenhoff Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O qeyd edib ki, səfərin məqsədi müstəqil Azərbaycanın bölgədəki ölkələrlə münasibətləri, təhlükəsizlik və regiondakı ictimai-siyasi vəziyyət barədə danışıqlar aparmaqdır.

Qəbulda Azərbaycanın Avropanın nüfuzlu qurumları, o cümlədən Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlığı barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi