Paraqvay neft və qaz sektorunda Azərbaycan təcrübəsinin öyrənilməsinə maraq göstərib

Paraqvay neft və qaz sektorunda Azərbaycan təcrübəsinin öyrənilməsinə maraq göstərib Azərbaycan parlament nümayəndə heyəti Paraqvayda səfərdə olub
Xarici siyasət
9 Mart , 2015 16:25
Paraqvay neft və qaz sektorunda Azərbaycan təcrübəsinin öyrənilməsinə maraq göstərib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin üzvləri Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov Paraqvay Respublikasında səfərdə olublar.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Səfər vaxtı ilk olaraq Azərbaycan parlament nümayəndə heyəti Paraqvay Milli Konqresinin yuxarı palatasında Senatın sədrinin əvəzləyicisi qismində sədrin birinci müavini Enrique Bacchetta, Senatın Xarici Əlaqələr və Beynəlxalq Məsələlər daimi komissiyasının sədri Miguel Saguier, habelə Senatda Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Ardınca isə Azərbaycan millət vəkilləri Paraqvay Deputatlar Palatasının sədri Huqo Velazquez və həmin palatanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Jose Maria İbanez ilə görüş keçiriblər. Görüşlərdən sonra Paraqvay Milli Konqresinin binasında Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Görüşlərdə Azərbaycan və Paraqvay parlamentləri arasında əməkdaşlığın iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb, enerji və kənd təsərrüfatı sektorları prioritet əməkdaşlıq sahələri kimi qiymətləndirilib və müvafiq sahələrdə qanunvericilik üzrə qarşılıqlı təcrübə mübadiləsinin faydalılığı qeyd olunub. Xüsusilə də hər iki ölkənin açıq dənizə birbaşa çıxışının olmadığını nəzərə alaraq, Paraqvay tərəfi Azərbaycanın beynəlxalq bazarlara çıxışını təmin edən infrastruktur layihələrini, eyni zamanda neft və qaz sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraq göstərib. Görüşlərdə, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Azərbaycanlı parlamentarlar ölkəmizin inkişaf strategiyası, xarici siyasətinin əsas istiqamətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin həllinin regiona gətirəcəyi fayda, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, təhsil, gənclər, idman sahələrində aparılan işlər, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol barədə məlumat veriblər.

Səfər vaxtı Azərbaycan nümayəndə heyətinin Paraqvay hökumətinin üzvləri ilə də təmasları olub. Paraqvayın xarici işlər nazirinin əvəzləyicisi qismində nazir müavini Rigoberto Gauto ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil sahəsində əməkdaşlıq, müvafiq hüquqi-normativ bazanın inkişafı mövzularında fikir mübadiləsi aparılıb. Görüşdə, habelə beynəlxalq və regional mövzular da diqqət mərkəzində olub və azərbaycanlı parlamentarlar ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin regiondakı vəziyyətə təsiri barədə məlumat veriblər. Paraqvayın mədən və enerji nazirinin müavini Mauricio Bejarano və kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Marcos Medina ilə görüşlərdə Paraqvay tərəfi Azərbaycanın neft və qaz sektorunda, Azərbaycan tərəfi isə Paraqvayın kənd təsərrüfatı sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Tərəflər bu sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Paraqvayın işğüzar dairələri, o cümlədən SENACSA, ARP, FECOPROD, APROLE, Frutika kimi istehsal assosiasiyaları və şirkətlərinin rəhbər nümayəndələri ilə də görüşləri keçirilib. Görüşlərdə iqtisadi, ticarət və sərmayə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi