Qərb iqlim sammitlərindən iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün deyil, geosiyasi təzyiq göstərmək üçün istifadə edir.
Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, “Pakistan Economic Net & Daily Ittehad” qəzetinin baş redaktorunun müavini Maaric Faruk ABŞ və Fransanın qlobal iqlim böhranı ilə bağlı siyasətini şərh edərkən deyib.
M.Faruk vurğulayıb ki, bu ölkələr sərt iqlim standartlarında israr etsələr də, onların öz ekoloji göstəriciləri normadan uzaqdır.
"Bir çox Qərb ölkəsinin Azərbaycana münasibəti nadir hallarda qərəzsiz olur. Azərbaycanın enerji sektorunun modernləşdirilməsi və davamlı metodların öyrənilməsi istiqamətində göstərdiyi səyləri tanımaq əvəzinə, diqqət mərkəzində çox vaxt neft və qaz ixracı olur. Qərb yanaşması, bir qayda olaraq, bu nüansları nəzərə almır və çox vaxt geosiyasi motivlərlə müəyyən edilir. Azərbaycanı ölkənin siyasəti və ya nailiyyətlərinin ədalətli qiymətləndirilməsi olmadan mənfi işıqda təqdim edir", - ekspert qeyd edib.
O, həmçinin COP29 kimi iqlim sammitlərinin getdikcə daha çox siyasi oyunlar üçün meydana çevrilməsindən narahatlığını ifadə edib: "Belə sammitlər iqlim böhranına qarşı kollektiv fəaliyyət üçün platforma olmalıdır, lakin əslində Qərb ölkələrinin geosiyasi təsirini gücləndirmək üçün alətlərə çevrilirlər".
M.Faruk vurğulayıb ki, belə yanaşma neokolonializmin bir formasıdır, burada Qərb dövlətləri ölkələrin unikal inkişaf yollarını və suverenliyini nəzərə almadan şərtlər diktə etməyə çalışırlar: "İqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş sammitlərin siyasiləşdirilməsi qlobal həmrəyliyi sarsıdır və real tərəqqiyə mane olur”.