Yuxarı

​Pakistanda “20 Yanvar Şəhidləri Bulağı”nın açılış mərasimi keçirilib

Mərasimdə 20 Yanvar gecəsinin məqamlarından danışılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”nın açılışı  keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Qucarxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, televiziya kanalları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

İbn-e-Xaldun akademiyasının rektoru Qazi Məhəmməd İmran 25 il öncə Bakı şəhərində baş vermiş hadisələr haqqında danışaraq bildirib ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara və qadınlara qarşı xüsusi qəddarlıq göstərib, günahsız qanlar töküb. Natiq faciəli, lakin şərəfli 20 Yanvar gecəsinin Azərbaycanın müstəqilliyinə gedən yol olduğunu bildirib.

Tədbirdə çıxış edən bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, Təhsil Nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri 20 Yanvar gecəsinin məqamlarından danışıb, sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildirib. 

Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov XX əsrin sonlarında SSRİ-də cərəyan edən hadisələrdən danışaraq, yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycana qarşı torpaq iddialarının irəli sürdüyünü bildirib. O, Azərbaycan xalqının buna etiraz əlaməti olaraq, xalq hərəkatına qalxdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Səfir, Qara Yanvar gecəsinin təfərrüatlarından bəhs edib, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də özünün Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdiyini vurğulayıb. Səfir qeyd edib ki, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyev təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyanı qəti pisləyib. 

Daşqın Şikarov faciənin 25-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən icra edilmiş su təchizatı layihəsinə “20 Yanvar Şəhidləri bulağı” adının verilməsi faktını yüksək qiymətləndirib, buna görə Pəncab əyalətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin sonunda akademiyada təhsil alan şagirdlər tərəfindən Qara Yanvar dəhşətlərini əks etdirən səhnəciklər nümayiş etdirilib, şəhidlərin ruhuna dualar edilib, tədbir iştirakçılarına ehsanlar paylanılıb.

Daha sonra, D.Şikarov Sahal Xinger rayonunun Carmod Kalan kəndinə səfər edərək burada aparılan işlərlə tanış olub, kəndin ağsaqqalları ilə görüşüb. Görüş zamanı ağsaqqallar kənd sakinlərinə göstərdikləri qayğıya görə Azərbaycan xalqına, rəhbərliyinə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi