Yuxarı

Pakistan Prezidenti Azərbaycan Xalça Muzeyində olub

Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi təmsil olunub

Bakı. 13 mart. REPORT.AZ/ Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Azərbaycan Xalça Muzeyində olub.

"Report" xəbər verir ki, ali qonağa məlumat verildi ki, muzeyin ekspozisiyası xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini, xalçalara xas olan nadir gözəlliyi, zərifliyi və bədii məziyyətləri, xalça materialının, xalçaların yaradılması texnikasının harmoniyasını nümayiş etdirir.

Bildirildi ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. Diqqətə çatdırıldı ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də saxlanılır.

Məlumat verildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Hər il noyabrın 16-sı ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları, avropalı rəssamların əsərlərində bu xalçaların rəsmləri nümayiş etdirilir. Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası da diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat fondlarında saxlanılan xalçalar arasında XVII-XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları da görmək olar.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Burada nümayiş olunan xalçalar çökük divarlarda asılıb. Muzeyin yuxarı mərtəbələrində istənilən nöqtədən baxanda bu xalçaların əkslərini görmək olur. Bunun sayəsində kolleksiyanın çox hissəsini müxtəlif rakurslardan müşahidə etmək mümkündür. Muzeyin terrasında açıq səma altında sərgilər keçirmək olar.

Azərbaycan Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurdu.

Sonda Prezident Məmnun Hüseynə xatirə hədiyyəsi təqdim edildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi