Yuxarı

Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri: “Azərbaycan bizim ürəyimizdə yaşayır”

Prezident İlham Əliyev Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, Komitə sədri Rəşad Mahmud Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Siyasi, mədəni və dini əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayan qonaq iki ölkənin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirib. “Cənab Prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq, Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik”, - Rəşad Mahmud deyib.

Pakistanlı qonaq ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirib.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin Baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Dövlət başçısı ölkələrimiz arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrimizin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan dövlətinin başçısına və baş nazirinə çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi