Yuxarı
    Bağlamaq

    Pakistanda 20 Yanvar faciəsi ilə əlaqədar seminar keçirilib

    Ölkənin nüfuzlu jurnalında 20 Yanvarla bağlı məqalə də dərc olunub

    Bakı. 20 yanvar. REPORT.AZ/ Pakistanın ilk universitetlərindən olan Preston Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə” mövzusunda seminar keçirilib.

    Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Əli Əlizadə çıxışında SSRİ-nin tərkibində saxlanılmasına etiraz edərək azadlıq tələb edən Azərbaycan xalqına qarşı Sovet qoşunları tərəfindən 19-20 yanvar 1990-cı il tarixində törədilən cinayətin Azərbaycanın müstəqilliyə qovuşmasına mane ola bilmədiyini, əksinə, Azərbaycan xalqını birləşdirdiyini və azadlıq istəyini daha da alovlandırdığını və Azərbaycanın sonda müstəqilliyini yenidən bərpa etdiyini qeyd edib.

    Səfir müstəqilliyini yenidən bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu və təcavüzkar Ermənistanı bir dövlət kimi bugünədək tanımadığına görə, Pakistan dövlətinə və xalqına təşəkkür edib.

    Tanınmış diplomat və siyasi xadim, sabiq xarici işlər naziri Abdul Səttar çıxışında 20 yanvar qırğınının Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədiyini, lakin müstəqilliyini qazanan Azərbaycanın Ermənistanın işğalı ilə üzləşdiyini vurğulayıb.

    Preston Universitetinin rektoru Abdul Basit 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki mühüm rol oynadığını, mədəni və iqtisadi resurslara sahib olan Azərbaycanın gündən- günə dünyada öz mövqeyini möhkəmlətdiyini qeyd edib.

    Digər natiqlərin çıxışlardan sonra seminarda Azərbaycana və 20 Yanvar faciəsinə dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb və 20 Yanvar hadisələrinə dair sənədli film də nümayiş etdirilib.

    Seminarın keçirildiyi zalın foyesində 20 Yanvar hadisələrinə dair foto-stendlər, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar da sərgilənib.

    Bundan başqa Pakistanın “Pakistan in the World” jurnalında və elektron saytında “Azərbaycanın Qara Yanvarı” adlı məqalə dərc olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi