Pakistanın Pəncab əyalətində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin humanitar yardım aksiyası keçirilib

Pakistanın Pəncab əyalətində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin humanitar yardım aksiyası keçirilib Yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edib
Xarici siyasət
31 Oktyabr , 2014 11:04
Pakistanın Pəncab əyalətində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin humanitar yardım aksiyası keçirilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilib. "Report"un məlumatına görə, Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib. O, bu ilin oktyabrın 23-də Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən sel daşqınları və leysan yağışlardan zərər çəkmiş insanlara humanitar yardım aksiyasına start verildiyini qeyd edib.
Mərasimdə çıxış edən səfir Daşqın Şikarov Azərbaycan və Pakistan arasında olan yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda, AİDA-nın fəaliyyəti haqqında geniş məlumatlar verib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulayıb. Səfir xatırladıb ki, AİDA Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da on minlərlə insanı içməli su ilə təchiz edilib.

Təbii fəlakətdən zərər çəkmiş insanlar adından danışan bölgənin ağsaqqalı Şahnavaz Raca təbii fəlakətin fəsadlarından danışıb, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Mərasimin sonunda AİDA adından zərərçəkmiş insanlara qida paketləri paylanılıb.

AİDA tərəfindən edilmiş humanitar yardım - qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılıb. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilir. Yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edib.

Son xəbərlər

Orphus sistemi