​Ottava şəhərinin meriyası önündə Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

​Ottava şəhərinin meriyası önündə Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib Tədbirdə Azərbaycan icmasının nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib
Xarici siyasət
1 İyun , 2016 00:49
​Ottava şəhərinin meriyası önündə Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ 2016-cı ilin 28 may tarixində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən “28 May – Respublika günü” münasibətilə Kanadanın paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Ottavada yaşayan Azərbaycan icmasının nümayəndələri və Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları iştirak edib.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirakçılar önündə çıxış edərək, Respublika gününün əhəmiyyətindən danışıb və Azərbaycanın dövlətçilik ənənələrini bərpa edən Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk parlamentli respublika olduğunu və bütün vətəndaşlarına dinindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq səsvermə hüququ tanıtdığını vurğulayıb. R. Hüseynli bildirib ki, birinci Respublikamızın ömrü çox qısa olsa da, demokratik institutlar və dövlət simvolları yaratmaqla Azərbaycanın dövlətçilik ənənələrini bərpa edib və bugünkü müstəqil və müasir Azərbaycanın inkişaf platformasının əsasını qoyub. R.Hüseynli Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini və bu müstəqilliyin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xüsusi ilə qeyd edib.

Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı meriya önündə ucaldılıb.

Həmin gün “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən də “28 May – Respublika günü” münasibətilə Kanadanın Toronto şəhərinin meriyası önündə Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, Azərbaycanlı və xarici tələbələr, o cümlədən Türkiyə Respublikasının Torontodakı Baş Konsulu Erdeniz Şen iştirak ediblər.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru və tədbirin təşkilatçısı Lalin Həsənova açılış nitqi söylədikdən sonra sözü Azərbaycan Respublikasının Kanadadakı səfirliyin konsulu Faiq Babayevə verib. F.Babayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, “28 May – Respublika günü”nün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini qeyd edib. F.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub və ümummilli liderin siyasi xəttinin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün inamla irəliləyir.

Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı Torontonun mərkəzində ucaldılıb.

Həmçinin, Ontario Əyalətinin London şəhərində yaşayan 12 yaşlı soydaşımız Cəvahir Əl-Şakir “Azərbaycan” şeirini söyləmiş və “Təbriz” rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Milli rəqsimiz və çıxış edən rəqqasların milli geyimləri yaxınlıqdakı çoxsaylı turistin diqqətini cəlb edib.

“28 May – Respublika günü” münasibətilə analoji tədbirlər Kalqari şəhərində Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society) və Vankuver şəhərində Azərbaycan diasporunun təmsilçiləri tərəfindən də həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi