Oqtay Əsədov: "Təcavüzkar etnik separatizm dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün təhdid mənbəyidir"

Oqtay Əsədov: "Təcavüzkar etnik separatizm dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün təhdid mənbəyidir" "Ermənistanla silahlı münaqişə nəticəsində Azərbaycan təcavüzkar separatizmin qurbanı olub"
Xarici siyasət
3 Sentyabr , 2015 13:45
Oqtay Əsədov: Təcavüzkar etnik separatizm dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün təhdid mənbəyidir

Bakı. 3 sentyabr. REPORT.AZ/ BMT-nin qərargahında Parlament sədrlərinin 4-cü Ümumdünya Konfransı öz işini davam etdirib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla, hazırda Nyu-Yorkda işgüzar səfərdə olan nümayəndə heyəti təmsil edir.

O.Əsədov konfransda çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən keçən dövr ərzində ölkənin qazanılmış uğurlar və demokratik inkişaf prinsipləri barədə söz açıb. O, konfransın təşkilatçılarının bu təşəbbüsünü yüksək qiymətləndirərək vurğulayıb ki, belə tədbirlər bütün dünyada sülhün və davamlı inkişafın təmin edilməsi işində parlamentlərin əməkdaşlığı üçün şərait yaradır. Milli Məclisin spikeri qeyd edib ki, 4-cü Ümumdünya Konfransının bəyannamə layihəsində parlamentlərarası əməkdaşlığın problemləri və vəzifələri, o cümlədən müharibələrin və münaqişələrin qarşısının alınmasına yönəlmiş səylər, terrorizmə, mütəşəkkil cinayətkarlığa, insan alverinə, narkotik maddələr alverinə qarşı mübarizə, habelə gender bərabərliyinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması məsələləri göstərilir. Bununla bərabər, O.Əsədov təəssüflə qeyd edib ki, təcavüzkar etnik separatizm problemi bəyannaməyə daxil edilməyib. O, sözünə davam edərək deyib ki, təcavüzkar etnik separatizm təkcə ayrı-ayrı regionlar üçün deyil, bütün planetdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün təhdid mənbəyidir.

Milli Məclisin spikeri deyib ki, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə nəticəsində Azərbaycan təcavüzkar separatizmin qurbanı olub: "20 ildən çoxdur ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Azərbaycana qarşı hərbi təcavüzün gedişində Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkənin Dağlıq Qarabağ regionunda aparılmış etnik təmizləmə nəticəsində minlərlə dinc sakin həlak olub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə dünya birliyi adından Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib".

O.Əsədov dünya birliyinə müraciətlə təcavüzkarlar tərəfindən beynəlxalq hüququn pozulması faktlarının pislənməsində həmrəy olmağa və bu istiqamətdə qəti addımlar atmağa çağırıb.

Milli Məclisin sədri çıxışının sonunda bəyannamədə göstərilən məsələlərin həll edilməsi üçün Azərbaycan parlamentinin digər ölkələrin parlamentləri ilə əməkdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti işgüzar səfər çərçivəsində sentyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA), İranın və Albaniyanın nümayəndə heyətləri ilə də görüşüb. AŞPA-nın sədri Ann Brasser ilə görüşdə Azərbaycanla AŞPA arasında əlaqələri inkişaf etdirmək yolları, habelə 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində AŞPA-nın müşahidə missiyası ilə əlaqədar məsələlər müzakirə edilib.

İran İslami Şura Məclisinin sədri Əli Laricani ilə Oqtay Əsədovun görüşündə regional iqtisadi inkişaf və Azərbaycanla İran arasında münasibətlər barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanlarının sədrləri, o cümlədən, Azərbaycanın regionda və onun hüdudlarında kənarda energetika sektorunda və nəqliyyat infrastrukturu yaradılmasında qazanılmış nailiyyətləri müzakirə ediblər.

Albaniya parlamentinin vitse-spikeri Valentina Leskay ilə görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, vurğulanıb ki, Albaniyanın da ərazisindən keçən Transadriatik Qaz Kəmərinin tikintisi yeni iş yerləri açılmasına və Albaniya iqtisadiyyatının inkişafına şərait yaradır. Xanım Leskay Azərbaycanın Albaniya iqtisadiyyatına verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycanın uğurlarından söhbət açaraq qeyd edib ki, Albaniya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən iqtisadiyyat sahəsində həyata keçirilən müsbət dəyişiklikləri alqışlayır. Vitse-spiker deyib ki, Albaniya bu təcrübəni öyrənmək və öz ölkəsinin iqtisadiyyat sektorunda tətbiq etmək niyyətindədir.

Parlament sədrlərinin Parlamentlərarası İttifaq tərəfindən təşkil edilən növbəti Ümumdünya Konfransı 2020-ci ildə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi