Yuxarı

Oqtay Əsədov Qazaxıstana səfər edəcək

Milli Məclisin sədri Nursultan Nazarbayevlə görüşəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbyacan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA Assambleya Şurasının və təşkilatın növbəti 6-cı plenar iclaslarında iştirak etmək üçün dekabrın 2-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. “Report” Milli Məclisin mətbuat xidmətinə istinadn xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Çingiz Qənizadə, İlham Əliyev, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. 

Qurumun Şura iclasında Azərbaycanın təşkilata sədrliyinin nəticələri, TürkPA Katibliyinin illik fəaliyyəti barədə hesabatlar dinləniləcək və digər təşkilatı məsələlərə baxılacaq. TürkPA-nın 6-cı plenar iclasında Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş seçkilərə dair məruzələr dinləniləcək, qurumun komissiyalarının tövsiyə qərarlarına baxılacaq. İclasın sonunda Astana Bəyannaməsi imzalanacaq.
Oqtay Əsədov tədbirdə Azərbaycanın təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə, quruma üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığa dair və gündəlikdəki digər məsələlərlə əlaqədar çıxışlar edəcək.

Milli Məclis sədrinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. 

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri “Böyük Çöldə dövlətçilik və parlamentarizm” mövzusunda beynəlxalq konfransın işinə qatılacaq, Türk Akademiyasında, Qazaxıstan Milli Muzeyində, ölkənin birinci prezidentinin kitabxanasında olacaqlar. 

Səfər dekabrın 4-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi