Oqtay Əsədov: "Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən əl çəkmir"

Oqtay Əsədov: "Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən əl çəkmir" ​Vyetnam Prezidenti Milli Məclisdə olub
Xarici siyasət
14 May , 2015 18:29
Oqtay Əsədov: Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən əl çəkmir

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Respublikasında rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb.

"Report" xəbər verir ki, Prezident Çıonq Tan Şanq əvvəlcə Milli Məclisin iclas zalları ilə tanış olub, Heydər Əliyev xatirə zalına baxıb. Milli Məclisin sədri Oqtay Əsədov ali qonağa məlumat verib ki, Azərbaycan parlamentinin formalaşmasında, xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür.

Vyetnam Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Oqtay Əsədov qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Xüsusilə dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də söhbət açıb. O, həmçinin iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Ali qonağa ölkənin həyata keçirdiyi nəhəng layihələr barədə də məlumat verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Milli Məclisin sədri ölkənin ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən əl çəkmir.

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Ali qonaq ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu söyləyib. Vyetnam Prezidenti Azərbaycanın Sovet İttifaqı dövründə ölkəsinə yardımından, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyindən danışıb və bunu yüksək qiymətləndirib.

Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirən Prezident Çıonq Tan Şanq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb. Ali qonaq həmçinin iki ölkənin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığından məmnunluğunu bildirib.

Son xəbərlər

Orphus sistemi