Oqtay Əsədov: "Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir"

Oqtay Əsədov: "Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir" Milli Məclisin sədri Yaponiya XİN rəhbərinin müavinini qəbul edib
Xarici siyasət
19 Yanvar , 2015 19:15
Oqtay Əsədov: Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

O.Əsədov bildirib ki, Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir: "Ulu öndər Heydər Əliyevin vaxtilə gündoğar ölkəyə səfərindən sonra münasibətlərimizdə böyük dönüş yarandı. 2006-cı ildə isə Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı aparılan danışıqlar əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə zəmin yaratdı. Biz hələ 1993-cü ildə Yaponiya hökumətinin ölkəmizə 1 milyon ABŞ dolları məbləğində humanitar yardımını məmnunluqla xatırlayırıq. Təqdirəlayiq haldır ki, son illər münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Bu günədək ölkələrimiz arasında 17 sənəd imzalanmış, 22 sənəd isə baxılmaq üzrədir. Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika özünü göstərməkdədir. Bu sahədə iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini müsbət dəyərləndiririk. Bu gün Azərbaycan Cənubi Qafqazda özünün iqtisadi göstəricilərinə görə lider dövlətdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin fəaliyyəti, TRASEKA - Qədim İpək yolunun bərpası üzrə görülən işlər, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi ölkəmizin bölgədə günbəgün artan nüfuzundan xəbər verir. Biz Yaponiyanın BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycanın qeyri-daimi üzv məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. İnanırıq ki, gələcəkdə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımız davam etdiriləcək".

Spiker qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: "Biz bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq".

Görüşdə parlamentlərarası əlaqələrdən söz açan O.Əsədov hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini önəmli sayıb. Bildirilib ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.

M.Kiuçi isə öz növbəsində Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi qlobal layihələr və ölkənin sürətli inkişafı yaponların Cənubi Qafqazın bu bölgəsinə marağını daha da artırıb. Qeyd edilib ki, parlamentlərarası əlaqələrin inkişafı dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə öz layiqli töhfəsini verə bilər.

Görüşdə siyasi, iqtisadi, mədəni, elm, təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi