Yuxarı

Oqtay Əsədov: “Avropa Parlamenti bütün çərçivələri keçib” - ƏLAVƏ OLUNUB

“Azərbaycana qarşı şər və böhtan atılıb”

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Avropa Parlamenti Azərbaycana şər və böhtan atıb”. “Report” xəbər verir ki, bunu Milli Məclisin (MM) spikeri Oqtay Əsədov bu gün parlamentin xüsusi plenar iclasında deyib.

O.Əsədov qeyd edib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Milli Məclisin 49 deputatının müraciəti əsasında xüsusi plenar iclas çağırılıb: “Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnamələrinin dəfələrlə şahidi olmuşuq. Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib. Azərbaycana qarşı şər və böhtan atılıb. Avropa Parlamentinin bir çox deputatları Azərbaycan haqqında qərəzli mövqe tutublar”.

O.Əsədov bildirib ki, Avropa Parlamenti adi cinayət faktlarını siyasiləşdirir: “Məhkəmə sisteminə müdaxilə edir. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub”.

Spiker bildirib ki, Avropa Parlamentində bütün beynəlxalq davranış qaydaları pozularaq tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətə qarşı çıxışlar ediblər:

“Hər dəfə Avropa Parlamenti Azərbayacana qarşı qərəzli qətnamə qəbul edəndə, biz çalışmışıq ki, tarazlı münasibət bildirək, amma görür ki, məsələ başqa bir rakurs alır. Bu fikirlərimin arxasında əsaslı faktlar durur. Birincisi budur ki, əvvəllər prosedur məsələləri müəyyən olunurdu, sonra da plenar iclas keçirilirdi. Amma bu dəfə tamam başqa cür yanaşma oldu. Əvvəl iclaslarda 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə isə tamam fərqli olaraq 635 nəfər deputat Azərbaycanla bağlı müzakirələr apardı. Çox maraqlıdır ki, iclasın gedişində Avropa xarici əlaqələr komitəsinin sədri Elmar Brok qətiyyətlə bildirdi ki, iclasda prosedur qaydalarını pozmaq olmaz. İclasda müzakirə olunan məsələlər əvvəlcə komitə iclaslarında müzakirə olunmalı və daha sonra plenar iclasa çıxarılmalıdır. Biz bu cür hərəkət etməsək Azərbaycanı itirə bilərik. Bu çıxışından dərhal sonra Azərbaycanın “dostu” xanım Lunaçik bu dəfə “xüsusi” fəallıq göstərdi. O, tribunaya çıxaraq qətiyyətlə bildirdi ki, bu məsələ gündəlikdə qalmalıdır. Daha sonra Azərbaycanı sevməyən daha iki adam çıxış edərək qətnamənin müzakirə edilməsini təkid etdilər. Müzakirələrdə qətnamənin əleyhinə 202 nəfər səs verdi, 72 nəfər isə bitərəf qaldı. Bu o deməkdir ki, Azərbaycanla hələ də əməkdaşlıq etmək istəyənlər var. Amma heyif ki, onların səsi eşidilmədi. Azərbaycan heç kimin sözü ilə oturub-durmayacaq. Müstəqillyini davam etdirəcək. Xalqla iqtidar arasında möhkəm birlik var. Hesab edirəm ki, “Şərq Tərəfdaşlığı” proqramı yenidən nəzərdən keçirilməlidir. Baxaq ki, təşkilatla əməkdaşlıq etmək lazımdır, ya yox”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi