​Oqtay Əsədov: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hələlik normal bir yol göstərə bilməyib"

​Oqtay Əsədov: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hələlik normal bir yol göstərə bilməyib" "Ümid edirik ki, Serbiyanın sədrliyi dövründə münaqişənin sülh yolu ilə həllində hər hansı müsbət addımlar atılacaq”
Xarici siyasət
1 İyun , 2015 19:53
​Oqtay Əsədov: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hələlik normal bir yol göstərə bilməyib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq əlaqələrindən, Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdirilməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində mövcud vəziyyətdən danışılıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan ATƏT ilə əlaqələrin inkişafına böyük önəm verir: "Artıq Azərbaycan 20 ildən çoxdur ki, ATƏT ilə işbirliyi həyata keçirir. Azərbaycan parlamentinin də ATƏT-in Parlament Assambleyası ilə sıx əlaqələri mövcuddur. Deputatlarımız qurumun bütün toplantılarında fəal iştirak edirlər. Ötən il ATƏT-in 23-cü sessiyası Bakıda keçirilib".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov deyib: “Təəssüflər olsun ki, danışıqların getdiyi 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk qrupu hələlik ortaya normal bir sənəd çıxara, bu münaqişənin həlli üçün normal bir yol göstərə bilməyib”. Milli Məclisin sədri vurğulayıb ki, Minsk qrupunun işinə təkan vermək, onu canlandırmaq lazımdır: "ATƏT münaqişənin həlli istiqamətində səylərini artırmalıdır. Şadıq ki, Serbiya ATƏT-ə sədrlik edən ölkədir. Serbiya münaqişədən əziyyət çəkmiş bir ölkə kimi Azərbaycanın vəziyyətini bir çox dövlətlərdən daha yaxşı başa düşür. Ümid edirik ki, Serbiyanın sədrliyi dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hər hansı müsbət addımlar atılacaq”.

Azərbaycan-Serbiya münasibətlərindən danışan Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir:" Əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Səfərlər zamanı ölkələrimiz arasında 25-ə yaxın ikitərəfli sənəd imzalanıb. Bugünkü görüş də münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək".

Oqtay Əsədov iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

İvitsa Daçiç bildirib ki, Azərbaycana səfər etmək onun üçün şərəfdir: "Ölkələrimiz arasında dostluq əlaqələri var". O deyib ki, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılışında Serbiyanın prezidenti də iştirak edəcək. Səfər zamanı məhsuldar görüşlər keçirdiyini bildirən İvitsa Daçiç regionda sülhün və sabitliyin bərqərar olmasının bütövlükdə Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. ATƏT-in fəaliyyətdə olan sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir həll olunmamış vəziyyətdə qalır. Serbiya Azərbaycanın üzləşdiyi problemi yaxşı başa düşür. O, əminliyini bildirib ki, münaqişənin həlli ilə bağlı birlikdə müəyyən işlər görüləcək.

Son xəbərlər

Orphus sistemi