Ombudsman Aparatının rəhbəri: "Azərbaycan birlik və bərabərlik prinsiplərinə tam sadiqdir"

Ombudsman Aparatının rəhbəri: "Azərbaycan birlik və bərabərlik prinsiplərinə tam sadiqdir" Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Azərbaycan üzrə müzakirələr davam etdirilib
Xarici siyasət
4 May , 2016 13:28
Ombudsman Aparatının rəhbəri: Azərbaycan birlik və bərabərlik prinsiplərinə tam sadiqdir

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Cenevrədə dövri icmal çərçivəsində BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Azərbaycan üzrə müzakirələr davam etdirilib.

"Report" xəbər verir ki, görüşün əvvəlində Azərbaycanın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək Azərbaycan birlik və bərabərlik prinsiplərinə tam sadiq olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycanda bütün milli azlıqların hüquqları nəzərə alınır: "Milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Ombudsman aparatına müraciət edə bilər. Milli azlıqların yaşadığı dörd regionda Ombudsman ofisləri açılıb".

Öz növbəsində, Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkənin siyasi və mədəni həyatında qadınların iştirakı məsələsinə toxunub: "Mədəniyyət sahəsində çalışan əməkdaşların 70%-i qadındır. Eyni zmanda Xarici İşlər Nazirliyində çoxlu sayda qadın diplomat çalışır. Ölkədə 3 qadın nazir müavini, 2-i qadın dövlət komissiyasının sədri var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin 30%, Maliyyə Nazirliyinin işçilərin 40%-ni qadınlar təşkil edir. Bundan əlavə, Azərbaycanda iş adamlarının 37%-i qadınlardır".

S.Məmmədəliyeva, həmçinin Azərbaycanda milli azlıqların 3 teatrının olduğunu və orada tamaşaların milli azlıqların dillərində getdiyini bildirib.

Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov milli azlıqların yaşadığı rayonlarda yerləşən məktəblər haqqında məlumat verib.

Ardından Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov çıxış edərək insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarına yardım ilə əlaqədar məlumat verib. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda insan alveri hallarının sayı 2014-ci illə müqayisədə 22% artıb. O, insan alverinin qurbanı olmuş 42 nəfərin insan alveri qurbanlarına yardım Fondundan maliyyə yardımı aldığını, 41 nəfərin peşəkar təhsil aldığını, 51 nəfərin isə əhaliyə sosial dəstəklə məşğul olan QHT-dən yardım aldığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi