Bakı. 2 fevral. REPORT.AZ/ "The New-York Times" qəzeti tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan ərazisinə daxil olmaq üçün "The New-York Times" əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və ölkə ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib". "Report"un məlumatına görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "The New-York Times" qəzetinin əməkdaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.
O qeyd edib ki, "The New-York Times" qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan qanunlarına riayət etməklə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər edilib.
Xatırladaq ki, "The New-York Times" qəzetinin əməkdaşları bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək oradan məqalələr hazırlayıblar.