“Azərbaycanın bəxti gətirib ki, ölkəyə ən çətin vaxtlarda Heydər Əliyev rəhbərlik edib”.
“Report” xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda deyib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri zamanı dövlət başçısı Kasım-Jomart Tokayev ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb: “Azərbaycan hazırda sürətlə inkişaf edən iqtisadiyyata malik çiçəklənən ölkədir. Azərbaycan multikulturalizm ideyalarını təbliğ edir. Bütün bunların əsasını məhz Heydər Əliyev qoyub”.
Onun sözlərinə görə, Azərbaycanın Ümummilli Lideri hər zaman xarizması, müdrikliyi və uzaqgörənliyi ilə seçilib.
“Xəzər dənizi və onun statusu da həmişə Heydər Əliyevin diqqət mərkəzində olub və biz bu məsələdə koordinasiyalı şəkildə birgə işləyirdik”, - B.Nurqaliyev vurğulayıb.