Bakı. 29 dekabr. REPORT.AZ/ "Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər". "Report"un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov öz "twitter" səhifəsində ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baerin Azərbaycana qarşı tənqidi fikirlərinə cavabında deyib.
"Belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür, onun ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsaydı, yaxşı olardı. Onda anlayardı ki, "twitter"də yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur", - N.Məmmədov bildirib.
O əlavə edib ki, D.Baer qərəzli fikirləri ilə ABŞ-la Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.
Xatırladaq ki, D.Baer öz "twitter" səhifəsində "Azadlıq radiosu"nda aparılan axtarışlarla əlaqədar Azərbaycanı tənqid edib.