Yuxarı

Novruz Məmmədov: "Ayrı-ayrı ölkələrə təzyiq etmək üçün demokratiya, insan hüquqlarından istifadə olunur"

Bu beynəlxalq ictimaiyyət üçün yaxşı heç nə vəd etmir

"Hətta qərara alınıb ki, qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin nikahını da insan hüquqları müstəvisində həyata keçirsinlər"

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Reallıq bundan ibarətdir ki, yeni minillikdə beynəlxalq münasibətlər sistemində çox mürəkkəb və gərgin bir vəziyyət yaranıb".

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda ingilis dilində nəşr olunan ''Caucasus International'' jurnalına müsahibəsində belə deyib.

N.Məmmədov hesab edir ki, müəyyən dövr ərzində ardıcıl və davamlı şəkildə baş verən bir sıra proseslər beynəlxalq münasibətlərin bugünkü gərgin mərhələyə gəlib çatmasına səbəb olub: "SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlər sistemində Qərbin nümunəsində yalnız bir qütbün qalması bir çoxlarında gələcəyə böyük ümidlər yaratmışdı. Dünyada proseslərin daha rəvan gedəcəyi, problemlərin azalacağı, mümkün münaqişələrin isə hərb yolu ilə deyil, danışıqlar, kompromislər vasitəsilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll ediləcəyi gözlənilirdi. Təəssüf ki, bütün bu gözləntilər özünü doğrultmadı. Yeganə qütb kimi qalan və faktiki dominant gücə çevrilən Qərb beynəlxalq münasibətlər sisteminin daha harmonik, münaqişəsiz vəziyyətə gətirilməsi üçün səy göstərmədi. Əksinə, heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb öz strateji maraqlarını tam şəkildə reallaşdırmağa – bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti əldə etməyə can atmağa başladı.

Hərbi güc artıq əsas təsir vasitəsi kimi ikinci plandadır – insanları qurğuşunla öldürmək beynəlxalq cinayət sayılır. Bununla da, təsir vasitələri yeni reallıqlara uyğunlaşdırılıb, daha incə, mürəkkəb və "mədəni'' olub, yəni "yumşaq gücə'' çevrilib. Artıq insan amili önə çəkilir, müxtəlif müdaxilələr humanitar məqamlarla əsaslandırılır. Ayrı-ayrı ölkələrə təzyiq etmək üçün demokratiya, insan hüquqlarından istifadə olunur. Hətta qərara alınıb ki, qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin nikahını da insan hüquqları müstəvisində həyata keçirsinlər".

N.Məmmədov deyib ki, indi nəticələr göz qabağındadır: "Bir sıra regionlarda yaranmış problemlərin daha geniş və hətta bəzən qlobal xarakter almasında dominant gücə çevrilmiş Qərb məsuliyyət daşıyır. Onun bu problemlərin həllini təmin edə bilməməsi, bir sıra hallarda bu proseslərə müdaxilə etmək istəməməsi, digər hallarda isə bu proseslərin əsas səbəbkarı olması, dövlətlər arasındakı geosiyasi və geoiqtisadi mübarizənin daha da genişlənməsi, ərazi münaqişələri Frensis Fukuyamanın hesab etdiyi kimi, dünyanın heç də "tarixin sonu”na çatmadığını və əksinə, daha gərgin və böhranlı mərhələyə girdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, "Soyuq müharibə'' dövründə dünyada 10-a yaxın ölkədə gərgin vəziyyət var idisə, hazırda qaynar nöqtələrin sayı 50-yə yaxındır.

Bütün bunların fonunda, əsas düşündürücü məqam budur ki, cəmiyyət inkişaf etdikcə XXI əsrin əvvəllərində bu cür hadisələrin baş verməsi doğrudan da bir problem kimi öz cavabını, həllini gözləyir. Əslində, insan və cəmiyyət inkişaf etdikcə münaqişələr, ziddiyyətlər, problemlər azalmalıdır. Amma bu gün dünyada əks prosesin getdiyi müşahidə olunur. Bu isə beynəlxalq ictimaiyyət üçün yaxşı heç nə vəd etmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi