Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub - FOTO

Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub - FOTO Aqrar və turizm sahəsində əməkdaşlıq imkanları, perspektivlər müzakirə edilib
Xarici siyasət
22 Noyabr , 2016 15:22
Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub - FOTO

Lənkəran. 22 noyabr. REPORT.AZ/ Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda olub. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb. Qonağa rayon barəsində geniş məlumat verilib. Səfər çərçivəsində hər iki ölkə arasında aqrar və turizm sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.

İcra başçısı qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalisi və iqtisadiyyati barədə ətraflı məlumat vermib, aqrar sahənin dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, xüsusilə rayon üçün ənənəvi olan çəltikçiliyin inkişafına önəm verildiyini diqqətə çatdırıb, yaxın zamanlarda Lənkəranda düyü emalı sexinin istifadəyə veriləcəyini bildirib və rayonun turizm potensialından bəhs edib.

Səfir B.İ.Svendsen bildirib ki, Azərbaycanla Norveç arasında 1992-ci ildən diplomatik münasibətlər qurulub: "1998-ci ildən Norveç Krallığının Azərbaycandakı səfirliyinin fəaliyyət göstərir. Ötən müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Norveç Krallığı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib".

İcra rəsmiləri ilə görüşdən sonra səfir Heydər Əliyev Mərkəzindən olub. Günün ikinci yarısında isə “Yaşıl çay” təsərrüfatında fermerlə görüşüb, sitrus bağına səfər edib və bir sra sənaye müəssisələrinə baş çəkib. 

Son xəbərlər

Orphus sistemi