Yuxarı
    Bağlamaq

    Nazir: "Pakistan ali təhsil almaq üçün Azərbaycandan tələbə qəbul etməyə hazırdır"

    Azərbaycan səfiri Əli Əlizadə Pakistanın təhsil naziri ilə görüşüb

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal təhsil və professional təlim üzrə naziri Məhəmməd Baliğ-ur Rəhmanla görüşüb.

    Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar haqqında nazirə məlumat verərək, qardaş ölkə olan Pakistan vətəndaşlarının Azərbaycanda təhsil almalarına münbit şəraitin və müasir infrastrukturun olduğunu, onların sayının ilbəil artdığını deyib.

    Ali təhsil sahəsində əlaqələrin inkişafında daha çox imkanların mövcud olduğunu bildirən səfir bu sahədə müqavilə-hüquq bazasının yenilənməsi və artırılması istiqamətində aparılan işlərin yekunlaşmaq üzrə olduğunu söyləyib.

    Pakistanlı nazir Azərbaycanın Təhsil Nazirliyi və digər aidiyyəti qurumları ilə yaxşı əlaqələrinin olduğunu, ali təhsil almaq istəyən azərbaycanlıların Pakistanda qəbul etməyə hazır olduqlarını bildirib.

    Universitetlərarası əlaqələrin və tələbə mübadiləsi sahəsində işlərin artırılması önəmindən danışan nazir, iki ölkənin aidiyyəti qurumları arasında təhsil sahəsində müqavilə-hüquq bazasının artırılması üçün təqdim olunan və hazırda Pakistan tərəfində yekunlaşdırılmaq üzrə olan layihələrin başa çatdırılmasının əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini söyləyib.

    Görüşdə həmçinin, Azərbaycan və Pakistanın bir-birinə mütəmadi göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub. Bu səpkidə, Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyə fəaliyəti iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi