"Nepalda yerli özünüidarəetmə orqanlarında qadınların iştirakı 24 faizdir".
"Report" xəbər verir ki, bunu Nepalın qadınlar, uşaqlar və ahıllar üzrə naziri Surendra Rac Açarya Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib.
O, Azərbaycan, Uqanda və Özbəkistan respublikalarına belə bir konfransın təşkilinə görə təşəkkür edib.
"Sülh quruculuğu, siyasi transformasiya prosesində Nepal aktiv iştirak edib. Biz münaqişələrə, qadınlar və uşaqlarla bağlı məsələyə xüsusi diqqət yetiririk. Bizim konstitusiyamızda qadın və uşaqların fundamental hüquqları tanınıb. Onların bir çox məsələlərdə iştirakı tam təmin edilib. Yerli özünüidarəetmə orqanlarında qadınların iştirakı 24 faizdir. 2022-ci ildə keçirilən seçkilərdə isə onların 21 faiz iştirakı qeydə alınıb. Nepalda 2021-ci ildə genderyönümlü hökumət qurulub. Bu sistem bütün idarəçilik strukturlarında təşəkkül tapmaqdadır. 2019-cu ildə qadınların qərarverici orqanlarda iştirakı 27 faizə qədər yüksəlib. Biz insan hüquqları ilə bağlı bir çox konvensiya və sazişləri nümunə göstərə bilərik ki, onlar Nepalda da milliləşdirilib. Gender baxımından ayrı-seçkiliyə yol verən qaydalar dəyişdirilib. Nepal genderyönümlü büdcənin formalaşması təşəbbüslərinə də qoşulmaqdadır", - deyə o əlavə edib.