Nazir müavini: "Azərbaycanın təcrübəsindən istifadə Ukraynanın enerji sahəsini inkişaf etdirəcək"

Nazir müavini: "Azərbaycanın təcrübəsindən istifadə Ukraynanın enerji sahəsini inkişaf etdirəcək" Kiyevdə enerji sahəsində əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan İşçi Qrupunun iclası keçirilib
Xarici siyasət
107
1 Aprel , 2017 03:49
Nazir müavini: Azərbaycanın təcrübəsindən istifadə Ukraynanın enerji sahəsini inkişaf etdirəcək
Courtesy İmage

Kiyev. 1 aprel. REPORT.AZ/ Kiyevdə enerji sahəsində əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan İşçi Qrupunun iclası keçirilib.

"Report"un Ukrayna Bürosu xəbər verir ki, bu barədə Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinin rəsmi saytında bildirilir.

İclas Ukraynanın energetika və kömür sənayesi nazirinin birinci müavini Qalina Karpın sədrliyi ilə təşkil olunub. Tədbir iştirakçıları enerji sahəsində əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər. 

Q. Karp çıxışında enerji daşıyıcılarının tədarük yollarının şaxələndirilməsinin Ukrayna üçün vacibliyini qeyd edib. "Əməkdaşlığın perspektiv istiqamətlərindən biri Ukraynanın qaz nəqliyyatı və neft nəqli sistemlərinin mövcud texniki imkanlardan istifadə etməklə enerji marşrutlarının diversifikasiyası yollarının axtarılmasıdır", - deyə nazir müavini bildirib.

Q. Karp qeyd edib ki, Ukrayna hökuməti bu ölkənin bazarına çıxan Azərbaycan şirkətlərinə dəstək və yardım göstərməyə hazırdır: "Biz əminik ki, Azərbaycan təcrübəsi və texnologiyalarından istifadə üzrə enerji effektivliyi və enerjiyə qənaət sahələrinin inkişafında əhəmiyyətli təsirə malik olacaq. Bu, həmçinin Ukraynanın enerji balansında alternativ yanacaq növlərinin və enerji mənbələrinin payının artmasına səbəb olacaq".

Bundan əlavə, Q.Karp Ukraynanın Azərbaycanla müştərək sərmayə layihələrinin reallaşmasında da maraqlı olduğunu deyib.

Energetika və Kömür Sənayesi Nazirliyinin Neft-Qaz Kompleksi Departamentinin direktoru A.Lisniçenko ölkəsinin resurs bazasının, infrastrukturunun, xüsusilə qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar haqqında danışıb. O, həmçinin bazarda rəqabətin genişləndirilməsi üçün enerji daşıyıcılarının tədarük yollarının şaxələndirilməsi və istifadə imkanlarına da diqqət çəkib.

Tərəflər iclas zamanı əməkdaşlığın cari vəziyyətini, xüsusən "MTP "Sarmatia" MMC çərçivəsində, "SOCAR Energy Ukraine"nin dövlət şirkətləri üçün neft məhsullarının nəqli proqramının işə salınmasını müzakirə ediblər və qaz sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdırılmasına dair məsləhətləşmələr aparıblar.

Tədbir iştirakçıları həmçinin neft-qaz sahəsinin şirkətləri üçün Ukrayna istehsalı olan avadanlıqların tədarükünün imkanları məsələlərinə, xüsusən neft emalı və neft-qaz sistemlərinin nəqlinə diqqət yetiriblər. Bununla yanaşı, bərpa olunan energetika sahəsində birgə layihələrin tətbiqi, enerjiyə qənaət və enerji səmərəliliyi sahələrində Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın qurulması məsələlərini öyrənməyə hazır olduqlarını bildiriblər.

İşçi Qrupunun üzvləri habelə əməkdaşlıq istiqamətlərinin əməli surətdə həyata keçirilməsi üçün hökumət və korporativ səviyyələrdə kömək etmək niyyətlərini də təsdiqləyiblər.

Tərəflər sonda iclasın nəticələrinə dair protokol imzalayıblar və işçi qrupunun növbəti iclasının 2018-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi