Nazir müavini: "Azərbaycan Malayziya üçün daim mühüm tərəfdaş olacaq"

Nazir müavini: "Azərbaycan Malayziya üçün daim mühüm tərəfdaş olacaq" “Report” Malayziya xarici işlər nazirinin müavini Kəmərüddin Cəfərlə müsahibəsini təqdim edir.
Xarici siyasət
148
24 Yanvar , 2022 15:01
Nazir müavini: Azərbaycan Malayziya üçün daim mühüm tərəfdaş olacaq

“Report” Malayziyanın xarici işlər nazirinin müavini Kəmərüddin Cəfərlə müsahibəni təqdim edir.

- Yanvarın 21-23-də Azərbaycana səfəriniz çərçivəsində hansı məsələlər müzakirə olundu?

- Əvvəla, Azərbaycan hökumətinə mehriban qarşılandığım üçün təşəkkür etmək istərdim. Səfər çox səmərəli keçdi, Malayziyadakı həmkarlarımı bu işgüzar səfərimin nəticələrindən xəbərdar etməyə şad olacağam. Səfər zamanı Azərbaycanda xarici işlər naziri, Prezidentin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri, Milli Məclisin sədr müavini ilə görüşlərimdə Malayziya ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub.

Malayziya xarici siyasətdə hədəflərinə çatmaq üçün Azərbaycanla hər iki ölkənin xeyrinə yaxından əməkdaşlıq etməyə hazırdır.

- Ölkələrimiz arasında münasibətlərin hansı istiqamətlərini prioritet hesab edirsiniz?

- Malayziya da, Azərbaycan da qaşılıqlı iqtisadi əməkdaşlıqda maraqlıdır, mövcud əlaqələrin daha da gücləndirilməsinə böyük diqqət yetirir. Malayziya Baş nazirinin səfərlərinin sayı ikitərəfli əlaqələrimizin möhkəm olmasından və get-gedə daha da genişlənməsindən xəbər verir. Bakıda 2014-cü ildə Malayziya səfirliyinin açılması iki ölkə arasında ticarət və sərmayə əməkdaşlığının daha da yaxınlaşmasına yol açdı.

Malayziya Azərbaycanla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini nəzərə alaraq Malayziya zəngin ehtiyatlara malik bu ölkənin dəyişkən və cəlbedici iqtisadi mənzərəsini araşdırmaqda maraqlıdır. Ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusilə turizm, islam bankçılığı, İT, səhiyyə, idman, təhsil kimi sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün geniş potensial var.

- Bəs Malayziya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində iştirak etməyi nəzərdə tuturmu?

- Əlverişli şərait və imkanlar olduğu halda Malayziya şirkətləri Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə potensial layihələrdə iştirak etmək məsələsinə baxa bilər. Mən də Azərbaycanı azad edilmiş ərazilərdəki sərmayə və ticarət imkanlarını vətənimdə tanıtmaq üçün səy göstərmişəm. İndi də bu işgüzar səfərimin nəticələrini İqtisadiyyat Nazirliyindəki həmkarımla bölüşmək fürsətini səbirsizliklə gözləyirəm.

- Azərbaycan kimi, Malayziya da Qoşulmama Hərəkatının üzvüdür. Bu təşkilatda Azərbaycanın sədrliyini necə qiymətləndirirsiniz?

- Malayziya Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olaraq fədakarlığını, təşəbbüslərini, aramsız səylərini, gərgin fəaliyyətini yüksək dəyərləndirir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan üzv ölkələrini bir araya gətirməyə müvəffəq oldu, bütün üzv ölkələr üçün əhəmiyyət daşıyan məsələləri səmərəli həll edir.

- Bu ildə münasibətləri gücləndirmək istiqamətində hansı planlarınız var?

- Malayziya üçün qardaş ölkə olan Azərbaycan iki və çoxtərəfli, region səviyyəsində daim mühüm tərəfdaşımız olacaq. Aramızda birgə maraq kəsb edən çoxlu məsələlər olduğuna görə, münasibətlərimizi daha da canlandlıraraq yeni səviyyəyə qaldırmaq üçün üstün cəhətlərimizi işə salmalıyıq. Biz Azərbaycanı müxtəlif beynəlxalq platformlarda mühüm oyunçu olaraq görürük. Ona görə də hər birimizi narahat edən məsələləri həll etmək üçün aramızdakı tərəfdaşlığı gücləndirməliyik. Azərbaycana işgüzar səfərim də Malayziya ilə Azərbaycan arasında pandemiyadan sonra əməkdaşlığı daha da artırmaq hədəfinə sadiq olduğumuzu bir daha sübut edir.

Həmçinin ümidvaram ki, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu hazır olandan sonra rəsmi əməkdaşlıq mexanizmləri tezliklə işə salınacaq.

Son xəbərlər

Orphus sistemi