Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Azərbaycan Almaniyanın ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid edir"

    Xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyada səfərdə olub© Report.az

    Baku. 10 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyada səfərdə olub.

    Azərbaycanın Almaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, X.Xələfov Berlinə işçi səfəri çərçivəsində Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke və Almaniya Federal Kansler Administrasiyasında Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Knut Abrahamla görüşlər keçirib.

    Görüşlərdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycanın yerləşdiyi regionda yeri və rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə Almaniyanın verə biləcəyi töhfə, Xəzər bölgəsi və regional məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən digər beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb. İki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb. Belə yüksək səviyyəli səfərlərin qarşılıqlı surətdə həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi razılışdırılıb.

    X.Xələfov Azərbaycanın Almaniya şirkətləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və rəsmi Bakının Almaniyanın bu il ATƏT sədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid etdiyini bildirib. Nazir müavini Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında oynadığı fəal rolu və ölkə iqtisadiyyatının modernləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli islahatları diqqətə çatdırıb. Almaniya hökumətinin nümayəndələri Azərbaycanın Almaniyanın regionda mühüm siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd ediblər, rəsmi Berlinin Asiya və Avropa arasında nəqliyyat-kommunikasiya qovşaqlarının əlaqələndirilməsi və inkişafında göstərdiyi səyləri yüksək qiymətləndiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi