Yuxarı
    Bağlamaq

    Nazir Elmar Məmmədyarov BMT-nin İnkişaf Proqramının rəhbəri ilə görüşüb

    H.Klark Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyib

    Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşüb. Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edərək, oktyabr ayının sonunda Bakıda keçiriləcək Qlobal Gənclər Forumunda iştirak üçün Azərbaycana səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə edib.

    Nazir Elmar Məmmədyarov xanım H.Klarkın Azərbaycana səfərinin BMT İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruri olduğunu  deyib.

    Nazir əlavə  edib ki, Azərbaycan humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AİDA (Azerbaycan International Development Agency) təşkilatını yaradıb və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb.

    H.Klark Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi