Yuxarı

Nazir: "Azərbaycanda internet azadlığı və QHT-nin fəaliyyəti sahələrində heç bir məhdudiyyət yoxdur"

Azərbaycan XİN rəhbəri AŞPA sessiyasında çıxış edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycanda internet azadlığı və QHT-nin fəaliyyəti sahələrində heç bir məhdudiyyət yoxdur". "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda Avropa Şurası Parlament Assambleyası sessiyasında çıxışı zamanı deyib. 

Deputatların Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı sualı şərh edərkən  XİN rəhbəri bəyan edib ki, ölkədə bu məsələ ilə bağlı heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, ölkə əhalisinin 70%-i fəal şəkildə internetdən istifadə edirlər və bu azadlıq qanunvericiliklə məhdudlaşdırılmır: "Azərbaycan həmçinin QHT fəaliyyəti şəffaflığının təmin olunması üzrə mühüm addımlar atır". 

Ölkədə siyasi məhbusların olması barədə suala cavab verərkən isə E.Məmmədyarov bildirib ki, bu meyarla qiymətləndirmə aparmaq çox çətindir, çünki bu anlayışın hamı tərəfindən qəbul edilmiş tərifi mövcud deyil: "Əvvəlcə anlayışın tərifini formalaşdırmaq lazımdır - "siyasi məhbus" kimdir, əks təqdirdə bu, yalnız hipotetik mülahizə olacaq" - deyə, nazir qeyd edib. 

Sessiyada çıxışı zaman nazir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyinin əsas nailiyyətləri haqqında da məlumat verib, bu müddət ərzində keçirilən tədbirlər haqqında danışıb. O vurğulayıb ki, sədrlik etdiyi müddət ərzində ən kəskin məsələlərindən biri Ukraynadakı vəziyyət olub. Bununla belə, Nazirlər Komitəsi bu ölkədə münaqişənin tənzimlənməsi üçün maksimum səy göstərib. 

E.Məmmədyarov bəyan edib ki, öz sədrliyi dövründə Azərbaycan humanitar əməkdaşlığın inkişafı, mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması, gənclərin təhsili, uşaqlarla münasibətdə zorakılıqla mübarizə kimi məsələlərə böyük diqqət yetirib. 

Nazirlər Komitəsində sədrliyini Belçikaya təhvil verməzdən əvvəl Azərbaycan noyabr ayının 7-8-də mehriban qonşuluq siyasətinə həsr olunan beynəlxalq konfrans keçirmək niyyətindədir. 

E.Məmmədyarov qeyd edib ki, noyabr ayında sədrlik müddətinin bitməsindən sonra da Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi