Nazir: "Avropa Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq"

Nazir: "Avropa Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq" Şahin Mustafayev: "Avropa Parlamentinin qətnaməsi təxribatçı addım olmaqla Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir"
Xarici siyasət
10 Sentyabr , 2015 19:50
Nazir: Avropa Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq

Azərbaycanın Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri: "Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir"

Bakı. 10 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr, sənaye, sənaye məhəllələri, qeyri-neft ixracı, regionların inkişafı, kənd təsərrüfatı sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan biznes forumunun keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfir Malena Mard təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, birgə layihələrin ölkənin inkişaf istiqamətlərinə uyğun olduğunu qeyd edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev vurğulayıb ki, əməkdaşlığa çox ciddi maneələr törədə biləcək məqamlar da vardır. Ş.Mustafayev qeyd edib ki, Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təxribatçı addımı olmaqla Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir: "Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə, 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb və Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Malena Mard qətnamə ilə bağlı səsləndirilən mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.

Son xəbərlər

Orphus sistemi