Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub Bu münasibətlə Türkiyənin Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib
Xarici siyasət
1240
28 Oktyabr , 2017 00:47
Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə bu ölkənin Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. 

"Report" muxtar respublikanın Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub.

V. Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 94-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək deyib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Muxtar respublika ilə Türkiyə Respublikası arasında da faydalı əməkdaşlıq əlaqələri qurulub. 

Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı böyük məmnunluq doğurur. Bu günlərdə qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışıbr. Qeyd olunub ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir, birgə layihələr həyata keçirilir. Nihat Ərşən Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında muxtar respublikanın rolunu qeyd edib, bu sahədə həyata keçirilən tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.