Naxçıvan və Acarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Naxçıvan və Acarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub NMR Ali Məclisinin sədri Vasif Talıbov AMR hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb
Xarici siyasət
6 May , 2017 01:39
Naxçıvan və Acarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi. 6 may. REPORT.AZ/ Batumidə səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Vasif Talıbov Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin də bütün sahələrdə inkişafına zəmin yaratdığını bildirib.

Sonra sədr NMR hökumətinin ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığının inkişaf istiqamətləri və perspektivləri haqqında ətraflı məlumat verib. Aktivləşdirilmiş nəqliyyat kommunikasiyalarının, tranzit yük dövriyyəsinin artdığını və müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.

Tərəflər Naxçıvan ilə Acarıstan arasında birbaşa çarter reysləri, regionda aparıcı tur operatorları və turist axınının artımı məsələlərini müzakirə ediblər.

Azərbaycan tərəfi kənd təsərrüfatı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

AMR hökumətinin sədri Zurab Pataradze Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnun qaldığını bildirib.

Deyib ki, biz münasibətlərimizin və müxtəlif sahələrdə əlaqələrimizin dərinləşdirilməsinə hazırıq.

Biz, həmçinin muxtar respublikalarımızda fəaliyyət göstərən universitetlərarası proqram mübadiləsində, uşaqların müalicəsinə aid proqramlarda, müxtəlif müalicə və bərpa mərkəzləri arasında əməkdaşlıqda maraqlıyıq.

Görüşdə NMR-nin Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Rəşad İsmayılov, Gürcüstan tərəfdən Acarıstan Ali Sovetinin sədri David Qobaidze, AMR-nin kənd təsərrüfatı naziri Lasa Komaxidze, Acarıstanın Turizm Departamentinin sədri Sulxan Qlonti və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi