Bakı. 30 iyun. REPORT.AZ/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası bu ilin sonuna qədər keçiriləcək.
Bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev məlumat verib.
O, iclasın iyun ayında keçirilməli olduğunu, amma hökumətlərarası komissiyanın həmsədri olan Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü səbəbiylə təxirə salındığını xatırladıb.
Diplomatın sözlərinə görə, hazırda tərəflər komissiyanın iclasının tarixini razılaşdırır.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Natiq Əliyev iyunun 8-də 70 yaşında İstanbulda "Florence Nightingale" klinikasında vəfat edib. O, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.