Yuxarı

Müvəqqəti işlər vəkili: "Kolumbiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır"

Xose Əsad Xater Penya Azərbaycandakı diplomatik missiyasını başa vurur

Bakı. 7 yanvar. REPORT.AZ/ "Kolumbiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır". "Report" xəbər verir ki, bunu Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əsəd Xose Xater Penya deyib.

Azərbaycandakı diplomatik missiyasının sona çatması ilə bağlı tədbir keçirən diplomat xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlər 20 ildən çoxdur mövcuddur, Bakıda Kolumbiya səfirliyi isə ötən il açılıb.

"Kolumbiya prezidenti Santos və xarici işlər naziri Olgin diplomatik nümayəndəliyin açılması üçün çox səy göstərib. Biz əsas diqqəti mədəniyyət tədbirlərinə ayırdıq. Ümid edirəm ki, səfirlik gələcəkdə daha böyük işlər görəcək", - deyə X.Ə.X.Penya bildirib.

Diplomat iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, eləcə də ölkələrin regionları arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ticarət əlaqələrindən danışan müvəqqəti işlər vəkili bu istiqamətdə müəyyən addımlar atıldığını qeyd edib və gələcəkdə də işlərin davam etdiriləcəyinə ümidvar olduğunu deyib: "Ölkələrimiz arasında ticarət dövriyyəsi aşağıdır. Kənd təsərrüfatı, turizm, maşınqayırma, neft hasilatı sahəsində əməkdaşlığı artırmaq istərdik".

Səfir, həmçinin onun yerinə gələcək diplomat Marta Qallindonun üzümüzə gələn həftə Bakıya gələcəyini bildirib.

Qeyd edək ki, Ə.X.X.Penya bundan sonra Kolumbiyanın Cenevrədəki daimi nümayəndəliyində çalışacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi