Münhen təhlükəsizlik konfransının işində 20-yə yaxın dövlət başçısı və 60 XİN rəhbəri iştirak edəcək

Münhen təhlükəsizlik konfransının işində 20-yə yaxın dövlət başçısı və 60 XİN rəhbəri iştirak edəcək 51-ci Münxen Təhlükəsizlik konfransı fevralın 6-8-də keçiriləcək
Xarici siyasət
16 Yanvar , 2015 14:29
Münhen təhlükəsizlik konfransının işində 20-yə yaxın dövlət başçısı və 60 XİN rəhbəri iştirak edəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ 51-ci Münhen Təhlükəsizlik konfransı fevralın 6-8-də keçiriləcək. "Report" konfransın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il tədbirdə 20-ə yaxın dövlət başçısı və 60 XİN rəhbəri iştirak edəcək. Onlar cari təhlükəsizlik və xarici siyasət problemlərini müzakirə etmək üçün Münhendə bir araya gələcəklər. 

Konfransın əsas mövzuları Ukraynada böhranla əlaqədar beynəlxalq sabitliyin pozulması və onun Avropa təhlükəsizlik sistemi üçün nəticələri, eləcə də Yaxın Şərqdəki vəziyyət olacaq.  Qaçqınlarla bağlı qlobal böhranın yaşanması və terrorizmlə mübarizə də konfransın bu ilki əsas problemləri arasında yer alır. 

"Ukraynada böhran, Yaxın Şərqdə davam edən münaqişələr, eləcə də "İslam Dövləti" tərəfindən gələn yeni terror  təhlükəsi onu göstərir ki, beynəlxalq təhlükəsizlik sistemin əsas prinsipləri sual altındadır. Belə olan halda, mən ümid edirəm ki, 51-ci konfrans münaqişələrin həllinə və qlobal təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə böyük töhfə verəcək", - Münhen Təhlükəsizlik Konfransının sədir Volfqanq İşinqer bildirib. 

Konfrans çərçivəsində ilk dəfə olaraq "Avropa təhlükəsizlik məsələləri üzrə görkəmli xadimlər qrupu"nun görüşü keçiriləcək. Həmin görüşdə ATƏT üçlüyü - İsveçrə, Serbiya və Almaniya iştirak edəcək. 

Münhen təhlükəsizlik konfransının işində öz iştirakını Almaniyanın federal kansleri Anqela Merkel, Finlyandiya prezidenti Sauli Niinistö,Litva prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Toomas Hendrik İlves, İraq baş naziri Hayder Al-Abadi, Livanın baş naziri Tamam Salam, NATO baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini, Rusiya XİN rəhbəri Sergey Lavrov və başqaları təsdiq ediblər. 

Konfransın işində həmçinin Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. 

Qeyd edək ki, təhlükəsizlik konfransı Münhendə 1962-ci ildən bu yana hər il keçirilir.  

Son xəbərlər

Orphus sistemi