Yuxarı

Münhendə 51-ci Təhlükəsizlik konfransı başlayır

Konfransın işində həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Münhendə 51-ci Təhlükəsizlik konfransı başlayır. 

"Report" konfransın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il tədbirdə 20-yə yaxın dövlət başçısı və 60 XİN rəhbəri iştirak edəcək. Onlar cari təhlükəsizlik və xarici siyasət problemlərini müzakirə etmək üçün Münhendə bir araya gələcəklər.

Konfransın işində həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Konfransın əsas mövzuları Ukraynada böhranla əlaqədar beynəlxalq sabitliyin pozulması və onun Avropa təhlükəsizlik sistemi üçün nəticələri, eləcə də Yaxın Şərqdəki vəziyyət olacaq. Qaçqınlarla bağlı qlobal böhranın yaşanması və terrorizmlə mübarizə də konfransın bu ilki əsas problemləri arasında yer alır.

Konfrans çərçivəsində ilk dəfə olaraq "Avropa təhlükəsizlik məsələləri üzrə görkəmli xadimlər qrupu"nun görüşü keçiriləcək. Həmin görüşdə ATƏT üçlüyü - İsveçrə, Serbiya və Almaniya iştirak edəcək.

Münhen təhlükəsizlik konfransının işində öz iştirakını Almaniyanın federal kansleri Anqela Merkel, Finlandiya prezidenti Sauli Niinistö, Litva prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Toomas Hendrik İlves, İraq baş naziri Hayder Al-Abadi, Livanın baş naziri Tamam Salam, NATO baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini, Rusiya XİN rəhbəri Sergey Lavrov və başqaları təsdiq ediblər.

Konfrans fevralın 8-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi